AZ EN RU
logo Aliyev
BEYNƏLXALQ ƏMƏKDAŞLIQ

Miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, idarəetmə sisteminin inkişaf etdirilməsi, miqrasiya proseslərinin tənzimlənməsi və proqnozlaşdırılması, bu sahədə müvafiq dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə yaradılmış Dövlət Miqrasiya Xidmətinin əsas fəaliyyət istiqamətlərindən biri də ölkələrarası dialoqun gücləndirilməsi, müvafiq sahələr üzrə əməkdaşlığın, qanunsuz miqrasiya ilə mübarizə sahəsində əlaqələrin genişləndirilməsi, miqrasiya və inkişafın əlaqəli idarəolunması sahəsində praktiki və innovativ təc­rü­bələrin tətbiqi məqsədilə xarici dövlətlərin müvafiq qurumları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsidir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti miqrasiya proseslərinin daha effektiv tənzimlənməsi üçün mümkün beynəlxalq alətlərdən istifadə edir, miqrasiya sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla və xarici dövlətlərin aidiyyəti qurumları ilə ikitərəfli və çoxtərəfli əsaslarla əməkdaşlıq edir.

Dövlət Miqrasiya Xidməti çoxtərəfli əsasda Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT), Avropa İttifaqı (Aİ),  BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK), Müstəqil Dövlətlər Birliyi (MDB), Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz (MSİBM), Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK), həmçinin ikitərəfli münasibətlər əsasında Türkiyə Respublikası, Rusiya Federasiyası, Niderland Krallığı və digər ölkələrlə qanuni miqrasiya, miqrasiyanın effektiv idarə olunması, readmissiya, könüllü qayıdış, miqrantların sosial müdafiəsi sahəsində əməkdaşlıq əlaqələrini genişləndirir, birgə layihələr həyata keçirir, eyni zamanda miqrasiya sahəsində qabaqcıl və innovativ xarakterli təcrübələri öyrənir.

Dövlət Miqrasiya Xidməti Aİ-nin Tvinninq və Texniki Yardım və Məlumat Mübadiləsi (TAİEX) kimi proqramlarından fəal şəkildə istifadə edir. Aİ-nin dəstəyi ilə indiyədək Xidmət tərəfindən 1 Tvinninq və 7 TAİEX layihəsi uğurla həyata keçirilmişdir. Həmçinin, Dövlət Miqrasiya Xidməti Aİ-nin Şərq Tərəfdaşlığının "Demokratiya, yaxşı idarəçilik və sabitlik" adlı birinci platformasında təmsil olunur. Təşkilatla miqrasiya sahəsində əlaqələrin genişləndirilməsi istiqamətində atılan mühüm addımlardan biri 29 noyabr 2013-cü il tarixdə “Azərbaycan Respublikası və Aİ arasında viza rejiminin sadələşdirilməsi” və 28 fevral 2014-cü il tarixdə “Azərbaycan Respublikası və Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Sazişlərin, həmçinin 5 dekabr 2013-cü il tarixdə  “Azərbaycan Respublikası, Avropa İttifaqı və onun iştirakçı üzv dövlətləri arasında Yerdəyişmə üzrə Tərəfdaşlıq barədə Birgə Bəyannamə”nin imzalanması olmuşdur. Təşkilat əsasən beynəlxalq tərəfdaşlarla həyata keçirilən miqrasiya sahəsi ilə əlaqəli beynəlxalq layihələrin donorluğunu həyata keçirir.

Azərbaycan Respublikası BMqT-yə üzv olduqdan sonra bu təşkilatla Azərbaycan Respublikası arasında əməkdaşlıq daha da inkişaf etdirilmişdir. İki qurum arasında miqrasiya proseslərinin tənzimlənməsi, miqrasiya sahəsində göstərilən elektron xidmətlərin təkmilləşdirilməsi, səmərəli readmissiya idarəçiliyinin yaradılması, əmək bazarı informasiya sisteminin gücləndirilməsi və digər maraq kəsb edən istiqamətlərdə mütəmadi olaraq görüşlər keçirilir, fikir mübadiləsi aparılır. Faydalı əməkdaşlığımızın nəticəsi kimi 2-3 sentyabr 2015-ci il tarixlərdə Azərbaycan Hökumətinin dəvəti əsasında BMqT-nin baş direktoru Uilyam Leysi Svinqin ölkəmizə rəsmi səfəri və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşü dövlətimizin bu təşkilatla əməkdaşlığa verdiyi önəmin bariz nümunəsidir. Dövlət Miqrasiya Xidmətini təmsil edən nümayəndə heyətlərinin müxtəlif dövrlərdə BMqT Şurasının sessiyalarında, yüksək səviyyəli konfranslarda iştirakı, o cümlədən 2018-ci ildə təşkilatın baş direktorunun müavini Laura Tompsonun, Cənub-Şərqi Avropa, Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Argentina Sabadoşun rəhbərlik etdikləri nümayəndə heyətlərinin ölkəmizə səfərləri haqqında danışılan əməkdaşlığın möhkəmlənməsinin göstəricisidir.  

Təşkilat ölkəmizdə miqrantların hüquqlarının qorunmasına, onların davamlı inteqrasiyasına yönəlmiş bir sıra önəmli layihələr həyata keçirmişdir. Hazırda təşkilatla “Azərbaycanda miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialların gücləndirilməsi” layihəsi, “Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə potensialların gücləndirilməsi” layihəsi, “Azərbaycanda potensialların artırılması və texniki dəstək vasitəsilə insan alverinə qarşı mübarizənin səmərəliliyi üçün əməkdaşlığın gücləndirilməsi – VI faza” layihəsi və “Azərbaycandan miqrantların könüllü qayıdışına yardım üzrə pilot layihə” uğurla həyata keçirilməkdədir.

Azərbaycan Respublikası ölkəmizdə olan qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində BMT QAK ilə səmərəli əməkdaşlıq edir. Təşkilatın Azərbaycandakı Nümayəndəliyi ilə Xidmət əməkdaşları arasında qaçqın statusunun müəyyənləşdirilməsi, onların cəmiyyətə inteqrasiyasının təşkili, sığınacaq axtaran şəxslərin mənşə ölkələrinə könüllü surətdə qaytarılması  və digər maraq kəsb edən mövzularda müntəzəm olaraq işgüzar görüşlər və tədbirlər keçirilir. Hazırda BMT QAK ilə birgə “Şərqi Avropada və Cənubi Qafqazda Sığınacaq Sistemlərinin Keyfiyyətinin Artırılması Təşəbbüsü” (ŞACQKT) layihəsinin III fazası həyata keçirilir.

Dövlət Miqrasiya Xidmətinin sıx əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlardan biri olan MSİBM ilə Azərbaycan Respublikası Hökuməti arasında 2006-cı ildə əməkdaşlıq sazişinin imzalanması ilə tərəflər arasında münasibətlər yeni mərhələyə qədəm qoymuşdur. Sözügedən təşkilat tərəfindən ölkəmizdə Miqrasiya: Avropa İttifaqının Ekspertizası (MİEUX) proqramı çərçivəsində bir neçə layihə həyata keçirilmişdir. Hazırda, təşkilatla “Azərbaycanla Yerdəyişmə üzrə Tərəfdaşlığın İcrasına Dəstək (MOBİLAZE)” layihəsi uğurla həyata keçirilir, həmçinin bir neçə yeni layihə nəzərdən keçirilir.

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ilə də əlaqələr inkişaf mərhələsindədir. Təşkilatın Azərbaycandakı Nümayəndəliyinin rəsmiləri ilə mütəmadi olaraq Dövlət Miqrasiya Xidmətində görüşlər keçirilir. Eyni zamanda, təşkilatın saxlama yerlərinin monitorinqini həyata keçirən qrupunun Xidmətin qanunsuz miqrantların saxlanılması mərkəzlərinə maneəsiz baş çəkmələri təmin olunur.

Azərbaycan Respublikasının əməkdaşlıq etdiyi təşkilatlardan biri də MDB-dir. MDB çərçivəsində fəaliyyət göstərən Miqrasiya Orqanları Rəhbərləri Şurasında (MORŞ) ölkəmizi Dövlət Miqrasiya Xidməti təmsil edir. Xidmət öz səlahiyyətləri çərçivəsində ölkə rəhbərliyinin xüsusi rəylərini nəzərə almaqla Şuraya üzv olan dövlətlərlə (Ermənistan Res­publikası istisna olmaqla) əməkdaşlıq edir. Şuranın 8-ci və 19-cu iclasları müvafiq olaraq 30.09.2010-cu və 12.10.2016-cı il tarixlərdə Bakı şəhərində təşkil olunmuşdur.

Dövlət Miqrasiya Xidməti digər dövlətlərin miqrasiya məsələlərindən məsul qurumları ilə də ikitərəfli əsasda əlaqələrini inkişaf etdirir. Bu ölkələr sırasında Türkiyə Respublikası, Rusiya Federasiyası və Niderland Krallığının adlarını xüsusilə qeyd etmək olar.

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasındakı dostluq və qardaşlıq münasibətləri tarix boyu yüksək səviyyədə olmuşdur. Mütəmadi olaraq, Türkiyə Respublikasının müvafiq qurumlarının rəhbərləri, eləcə də Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfirləri ilə Xidmət rəhbərliyi arasında görüşlər keçirilir və əməkdaşlığın perspektivləri müzakirə olunur.

Dövlət Miqrasiya Xidməti yarandığı vaxtdan etibarən Rusiya Federasiyasının aidiyyəti dövlət orqanları ilə ikitərəfli münasibətlər inkişaf etməyə başlamışdır. Qurumlar arasında istər rəhbər, istərsə də işçi səviyyədə  qarşılıqlı işgüzar səfərlər və görüşlər təşkil edilmiş, miqrasiya sahəsində təcrübə mübadiləsi aparılmış, eləcə də həyata keçirilən əməkdaşlıq platformaları çərçivəsində əlaqələr qurulmuşdur. 2016-cı ildə Bakı şəhərində keçirilən MDB MORŞ-un 19-cu iclasında iştirak etmək məqsədilə Rusiya daxili işlər nazirinin birinci müavini Aleksandr Qorovoyun Azərbaycana səfəri ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə töhfə vermişdir.

Niderland Krallığının Ədliyyə Nazirliyi tərkibində fəaliyyət göstərən İmmiqrasiya və Naturalizasiya Xidməti, həmçinin Repatriasiya və Geriqaytarma Xidməti ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti arasında münasibətlər həm ikitərəfli qaydada, həm də beynəlxalq layihələr çərçivəsində uğurla inkişaf etdirilir. Dövlət Miqrasiya Xidmətinin rəisi ilə adıçəkilən qurumların rəhbərləri, həmçinin Niderland Krallığının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri arasında mütəmadi olaraq görüşlər keçirilir və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunur. 2018-ci ildə Nazirliyin Repatriasiya və Geri Qaytarma Xidmətinin baş direktoru Yannita Robbersenin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri ikitərəfli əlaqələri daha da dərinləşdirmiş və səfər çərçivəsində iki qurum arasında miqrasiya sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun hazırlanması istiqamətində ilkin razılıq əldə olunmuşdur. 

Miqrasiya proseslərinin tənzimlənməsi işinin təkmilləşdirilməsi və miqrasiya orqanlarında qulluq keçən əməkdaşların bacarıqlarının artırılması məqsədilə Dövlət Miqrasiya Xidməti qabaqcıl ölkələrin miqrasiya üzrə məsul qurumları, eyni zamanda beynəlxalq təşkilatlarla birgə bir sıra uğurlu layihələr həyata keçirmiş və bu istiqamətdə işlər hazırki dövrdə də davam etdirilməkdədir.

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti həmçinin, beynəlxalq dialoq alətləri, o cümlədən qaçqınların müdafiəsi və beynəlxalq miqrasiya üzrə məşvərətçi proses olan Almatı Prosesi, Aİ ölkələri, Şengen ölkələri, Şərq Tərəfdaşlığı və Qərbi Balkan, Mərkəzi Asiya ölkələri, Rusiya və Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlığa təkan vermək məqsədi ilə yaradılmış Praqa Prosesi və miqrasiyanın dayanıqlı tənzimlənməsi sisteminin yaradılması istiqamətində fəaliyyət göstərən, 50-dən çox hökumət və 10 beynəlxalq təşkilatdan ibarət Budapeşt Prosesi çərçivəsində əməkdaşlıq əlaqələrini genişləndirir.

Regional miqrasiya idarələri