Konsepsiya sənədi

 07 yanvar - 08 iyul 2023-cü il

Miqrasiya Məktəbinin məqsədi

Gənclərin miqrasiya ilə bağlı biliklərinin artırılması, bu sahəyə marağın oyadılması,  dövlət idarəçiliyinə dair məlumatlılıq səviyyəsinin yüksəldilməsi, həmçinin onlara peşəkar vərdişlərin aşılanması və fərdi inkişaflarına təkan verilməsi Miqrasiya Məktəbi layihəsinin əsas məqsədlərindəndir.

Miqrasiya Məktəbi çərçivəsində iştirakçılar miqrasiya proseslərinin idarə olunması və tənzimlənməsi, miqrasiya siyasətinin formalaşdırılması, qeyd edilən sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatlar və müxtəlif kateqoriyalardan olan miqrantlara münasibətdə tətbiq olunan yanaşmalarla tanış ediləcəkdir.

Miqrasiyanın cəmiyyətə ictimai, siyasi və iqtisadi təsirlərinin öyrənilməsi, həmçinin beynəlxalq tendensiya və çağırışlar barədə məlumatlandırılma vasitəsilə maraqlı şəxslərin bu sahə üzrə nəzəri və praktiki biliklərinin artırılması və miqrasiya üzrə araşdırmaların dəstəklənməsi əsas hədəflərdəndir. 

Əhatə dairəsi

6 ay davam edəcək Miqrasiya Məktəbində miqrasiyanın müxtəlif sahələrinə həsr olunmuş 32 təlim keçiriləcəkdir. İştirak üçün seçilmiş şəxslər miqrasiya üzrə ümumi məlumat, beynəlxalq səviyyədə idarəetmə, Azərbaycan Respublikasının bu sahə üzrə təcrübəsi, həmçinin hüquqi və institusional baza barədə nəzəri biliklər əldə edəcəkdir. Eyni zamanda, iştirakçılar proqram müddətində Dövlət Miqrasiya Xidmətinin müvafiq struktur bölmələrinin işi ilə tanış olmaq imkanı əldə edəcək, eləcə də Dövlət Miqrasiya Xidməti və ya onun beynəlxalq tərəfdaşları tərəfindən təşkil olunan digər təlim və tədbirlərdə iştirak edəcəklər. Proqramın sonunda təlimi uğurla tamamlamış iştirakçılara sertifikatlar veriləcəkdir.

Hədəf qrupları

Proqram hüquqşünaslıq, politologiya, beynəlxalq münasibətlər, regionşünaslıq, şərqşünaslıq, tərcüməçilik, jurnalistika, dövlət idarəçiliyi və sosiologiya sahələri üzrə ali təhsil müəssisələrinin yuxarı kurslarda və ya magistr pilləsi üzrə təhsil alan və ya ali təhsilini yeni bitirmiş şəxslər üçün nəzərdə tutulmuşdur.

Təlimçilər

Təlimlər Dövlət Miqrasiya Xidmətinin müvafiq sahələr üzrə ixtisaslaşmış əməkdaşları, Miqrasiya Məktəbinin layihə üzrə tərəfdaşlarının nümayəndələri, yerli və beynəlxalq təlimçilər, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələri tərəfindən tədris ediləcəkdir.

Proqramın strukturu

Proqramın tədris planı üç əsas hissədən ibarət olacaqdır:

  • Miqrasiya ilə tanışlıq;
  • Nəzəri biliklər;
  • Praktiki bacarıqların artırılması.

Proqramda iştirak ödənişsizdir və təlimlər əsasən Azərbaycan dilində keçiriləcəkdir.

İştirakçıların seçimi

Seçim iki mərhələdən ibarətdir. Birinci mərhələdə Miqrasiya Məktəbində iştirak etmək istəyən şəxslər tərəfindən müvafiq qeydiyyat formasınna uyğun olaraq tələb olunan məlumatlar yazılaraq elektron qaydada təqdim edilir. İlkin seçimdən keçmiş şəxslər müsahibəyə cəlb olunacaqdır. Seçim üçün əsas meyar dünyagörüşü, məntiqi düşüncə və xarici dil bilikləri olacaqdır. 

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur