AZ EN RU
logo Aliyev
Müvəqqəti yaşamaq üçün icazə ilə bağlı nə qədər dövlət rüsumu tələb olunur?

Yetkinlik yaşına çatmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə  Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə:

3 ayadək              30 manat

6 ayadək              60 manat

1 ilədək                120 manat

1 il 6 ayadək        180 manat

2 ilədək                240 manat

2 il 6 ayadək        300 manat

3 ilədək                360 manat – məbləğində dövlət rüsumu tələb olunur.

 

Yetkinlik yaşına çatmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə  Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə:

 

3 ayadək              15manat

6 ayadək              30manat

1 ilədək                60manat

1 il 6 ayadək        90manat

2 ilədək                120 manat

2 il 6 ayadək        150 manat

3 ilədək                180 manat – məbləğində dövlət rüsumu tələb olunur.

Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə hansı müddətə verilir?  

 

Ölkə iqtisadiyyatına azı 500.000 manat məbləğində investisiya qoyan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə ərizəçinin müraciətində göstərilən, lakin 3 ildən artıq olmayan müddətə verilir və müvafiq əsas olduqda, hər dəfə 3 ildən çox olmayan müddətə uzadıla bilər.

Digər hallarda Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə ərizəçinin müraciətində göstərilən, lakin 1 ildən artıq olmayan müddətə verilir və müvafiq əsas olduqda, hər dəfə 2 ildən çox olmayan müddətə uzadıla bilər.

 

Müvəqqəti yaşamaq icazəsi üçün əsaslar hansılardır?

Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə aşağıdakı hallarda Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilir:

-     Azərbaycan Respublikasının vətəndaşı ilə yaxın qohumluq münasibətlərində (yaxın qohum – ata, ana, ər (arvad), övlad, qardaş, bacı və onların övladları, baba, nənə, babanın (nənənin) atası və anası, nəvə, qayınata, qayınana, qayın, baldız) olduqda;

-      ölkə iqtisadiyyatına azı 500.000 manat məbləğində investisiya qoyduqda;

-     Azərbaycan Respublikasının ərazisində azı 100.000 manat dəyərində daşınmaz əmlakı və ya Azərbaycan Respublikasının banklarında həmin məbləğdə pul vəsaiti olduqda;

-    iqtisadiyyat, sənaye, hərbi, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssis olduqda;

-   Azərbaycan Respublikasının Prezidentinin müəyyən etdiyi fəaliyyət sahələri üzrə işlərin görülməsi və ya xidmətlərin göstərilməsi üçün Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında təsis edilmiş hüquqi şəxslər tərəfindən dəvət edilmiş Azərbaycan Respublikasının Prezidentinin müəyyən etdiyi kateqoriyaya aid mütəxəssis olduqda;

-   Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ailə üzvləri olduqda;

-    xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filial və nümayəndəliyinin rəhbəri və onun müavini vəzifəsini tutduqda;

-   Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri və onun müavini vəzifəsini tutduqda;2

-   Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri və onun müavini vəzifəsini tutduqda;

-     Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda;

-    Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün bu Məcəllə ilə müəyyən edilmiş qaydada iş icazəsi aldıqda;

-     Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrində əyani formada və ümumtəhsil müəssisələrində təhsil aldıqda;

-     dövlət qeydiyyatına alınmış dini qurumlarda peşəkar dini fəaliyyətlə məşğul olduqda;

-     Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda.

 

Hansı hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər icazə almadan Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul ola bilərlər?

Aşağıdakı əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün iş icazəsinin alınması tələb olunmur:

-      Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazəsi olanlara;

-      Azərbaycan Respublikasının ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara;

-      diplomatik nümayəndəlik və konsulluqlarda işləyənlərə;

-   beynəlxalq təşkilatlarda işləyənlərə;

-       beynəlxalq müqavilələr əsasında yaradılmış təşkilatların rəhbərlərinə və onların müavinlərinə;

-       müvafiq icra hakimiyyəti orqanları tərəfindən işə cəlb edilənlərə;

-    Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə xidmətə və ya işə dəvət olunan hərbi qulluqçulara və mütəxəssislərə;

-      kütləvi informasiya vasitələrinin Azərbaycan Respublikasında akkreditə olun-muş əməkdaşlarına;

-     müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyət sahələri üzrə il ərzində 90 gündən çox olmayan müddətdə Azərbaycan Respublikasında ezamiyyətdə olanlara (Mədənçıxarma sənayesi; Emal sənayesi; Elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat; İnformasiya və rabitə; Maliyyə və sığorta; Təhsil; Nəqliyyat; Su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi);

        müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyət sahələri üzrə işlərin görülməsi və ya xidmətlərin göstərilməsi üçün Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında təsis edilmiş hüquqi şəxslər tərəfindən dəvət edilmiş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi kateqoriyaya aid mütəxəssis olduqda;

-      dənizçilərə;

-    ali təhsil müəssisələrində mühazirə kurslarının oxunması üçün dəvət edilən professor-müəllim heyətinə və mühazirəçilərə;

-      incəsənət işçilərinə, müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiy-yatından keçmiş idman klublarına işə dəvət olunan məşqçilərə və idmançılara;

-      dövlət qeydiyyatına alınmış dini qurumlarda peşəkar dini fəaliyyətlə məşğul olanlara;

-   xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filial və nümayəndəliyinin rəhbərləri və onların müavinlərinə;

Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxslərin rəhbərləri və onların müavinlərinə;

-    Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olanlara, bu şərtlə ki, həmin vətəndaş Azərbaycan Respublikasının ərazisində yaşayış yeri üzrə qeydiyyatda olsun;

-    qaçqın statusunun verilməsi üçün vəsatət verən, qaçqın statusu almış və ya siyasi sığınacaq verilmiş şəxslərə;

- himayəsində 18 yaşına çatmamış və ya I qrup əlil Azərbaycan Respublikasının vətəndaşı olanlara;

-müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hallarda əmək fəaliyyətinə cəlb olunan şəxslərə.

 

İş icazəsi üçün nə qədər dövlət rüsumu tələb olunur?

Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsinə və müddətinin uzadılmasına görə:

 

3 ayadək     350 manat

6 ayadək     600 manat

1 ilədək       1000 manat - məbləğində dövlət rüsumu tələb olunur.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün əsas şərtlər hansılardır?

 

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün əsas şərtlər iş yerinin tələblərinə cavab verən peşə hazırlığına və ya ixtisasa malik Azərbaycan Respublikası vətəndaşının iddia etmədiyi boş iş yerlərinin mövcudluğundan, məşğulluq xidməti orqanları tərəfindən işəgötürənlərin işçi qüvvəsinə olan ehtiyaclarını yerli əmək ehtiyatları hesabına təmin etmək imkanının olmamasından ibarətdir.

 

Daimi yaşamaq üçün icazə ilə bağlı nə qədər dövlət rüsumu tələb olunur?

Yetkinlik yaşına çatmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə 300 manat məbləğində dövlət rüsumu tələb olunur.

Yetkinlik yaşına çatmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə 150 manat məbləğində dövlət rüsumu tələb olunur.

Daimi yaşamaq icazəsi almaq üçün müraciət edən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə müvafiq komissiya tərəfindən keçirilən imtahanda hansı suallar verilir?

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilməsi ilə bağlı müraciətlərinə baxılarkən, onların Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tututlan hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin mütəxəssislərindən ibarət komissiya tərəfindən yoxlanılır.

 

Komissiyada verilən suallar əsasən aşağıdakı mövzuları əhatə edir:

-   Azərbaycan Respublikasının dövlət dili;

- əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin  Azərbaycan Respublikasına gələ, Azərbaycan Respublikasında qala və Azərbaycan Respublikasından gedə bilmələri üçün əməl etməli olduqları qaydalar;

-    Azərbaycan Respublikasında müvəqqəti və daimi yaşamaq üçün icazənin verildiyi hallar;

-    Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin  74-cü, 75-ci, 76-cı maddələrində nəzərdə tutulmuş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri;

-    Azərbaycan Respublikasının müasir  tarixi və mədəniyyəti.

 

 

Ölkə ərazisində daimi yaşamaq üçün icazə hansı hallarda verilir?  

-      Azərbaycan Respublikasının vətəndaşı ilə yaxın qohumluq münasibətlərində olduqda;

-      ölkə iqtisadiyyatına azı 500.000 manat məbləğində investisiya qoyduqda;

-     Azərbaycan Respublikasının ərazisində azı 100.000 manat dəyərində daşınmaz əmlakı və ya Azərbaycan  Respublikasının banklarında həmin məbləğdə pul vəsaiti olduqda;

-     iqtisadiyyat, sənaye, müdafiə, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssis olduqda;

-     Azərbaycan Respublikasının Prezidentinin müəyyən etdiyi fəaliyyət sahələri üzrə işlərin görülməsi və ya xidmətlərin göstərilməsi üçün Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında təsis edilmiş hüquqi şəxslər tərəfindən dəvət edilmiş Azərbaycan Respublikasının Prezidentinin müəyyən etdiyi kateqoriyaya aid mütəxəssis olduqda;

-   Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ailə üzvləri olduqda;

-    xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filial və nümayəndəliyinin rəhbəri və onun müavini vəzifəsini tutduqda;

-  Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri və onun müavini vəzifəsini tutduqda;

-    Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda - Bu əsaslarla azı 2 il Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsi almaq üçün vəsatət verə bilərlər.

 

 

 

 

 

Müvəqqəti olma müddətinin uzadılması üçün nə qədər dövlət rüsumu tələb olunur?

Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti 30 günədək uzadıldıqda 30 manat, 60 günədək uzadıldıqda isə 60 manat dövlət rüsumu tələb olunur. Yetkinlik yaşına çatmayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər üçün isə 30 günədək 15 manat, 60 günədək 30 manat məbləğində dövlət rüsumu tələb olunur.

Azərbaycan Respublikasında müvəqqəti olma müddəti hansı hallarda uzadılır?

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddəti aşağıdakı hallarda uzadılır:

-  əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində təcili müalicə olunmasına zərurət yarandıqda;

- əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında yaşayan yaxın qohumları ağır xəstələndikdə və ya vəfat etdikdə;

- xidməti zərurətlə əlaqədar Azərbaycan Respublikasına gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər  tərəfindən nəzərdə tutulmuş işlərin başa çatdırılmadığına dair həmin şəxsləri ölkəyə dəvət etmiş təşkilat tərəfindən əsaslandırılmış vəsatət verildikdə;

- tranzit keçid zamanı nəqliyyatın hərəkətinə maneə olan təbii fəlakət baş verdikdə;

- tranzit keçid zamanı avtonəqliyyat vasitəsinin (onun hissələrinin) sıradan çıxması, yaxud yol-nəqliyyat  hadisəsi nəticəsində təmirə ehtiyac yarandıqda (müvafiq sənəd təqdim edildikdə);

- tranzit keçid zamanı Azərbaycan Respublikasının ərazisindən keçən şəxslər xəstələndikdə (bu halda keçidin davam etdirilməsinin xəstənin səhhəti üçün təhlükə törətdiyinə dair həkimin rəyi olmalıdır).

Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatları ilə bağlı nə qədər dövlət rüsumu tələb olunur?

Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatları ilə bağlı heç bir dövlət rüsumu tələb olunmur.

  Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata düşməklə ölkəyə gəldikləri vaxtdan  Azərbaycan ərazisində neçə gün qala bilərlər?

 

 

-         Viza əsasında gələn əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər - vizada göstərilən qalma müddətinə;

-        Viza tələb olunmayan qaydada gələn əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər - 90 gün qala bilərlər.

 

Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər neçə gün ərzində və hansı qaydada olduğu yer üzrə qeydiyyata alınmalıdırlar?

Azərbaycan Respublikası ərazisində 15 gündən artıq qalmaq istəyən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər ölkəyə daxil olduğu vaxtdan 15 gün ərzində, elektron qaydada (Xidmətin rəsmi internet səhifəsinin - www.migration.gov.az – “Elektron xidmət” pəncərisində yerləşdirilmiş “olduğu yer üzrə qeydiyyata alınma” bölməsinə daxil olmaqla) və ya regional miqrasiya idarələrinə, həmçinin "ASAN xidmət" mərkəzlərinə birbaşa müraciət etməklə qeydiyyata düşməlidirlər.

 

Regional miqrasiya idarələri