AZ EN RU
logo Aliyev
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində daimi yaşaması

Aşağıdakı əsaslarla müvafiq icazə əsasında son 2 il ərzində fasiləsiz olaraq Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bu Məcəllənin 45.1.8-45.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə almış əcnəbilərin və ya vətəndalığı olmayan şəxslərin ailə üzvü olduğuna görə müvəqqəti yaşamaq üçün icazə almış şəxslər istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsi almaq üçün vəsatət verə bilərlər:

  • Azərbaycan Respublikasının vətəndaşı ilə yaxın qohumluq münasibətlərində olma;
  • ölkə iqtisadiyyatına azı 500.000 manat məbləğində investisiya qoyma;
  • Azərbaycan Respublikasının ərazisində azı 100.000 manat dəyərində daşınmaz əmlakı olduqda;
  • Azərbaycan Respublikasında fəaliyyət göstərən banklara müddətli əmanət müqaviləsi əsasında azı 100.000 manat məbləğdə pul vəsaiti qoyduqda;
  • iqtisadiyyat, sənaye, hərbi, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssis olma;
  • Azərbaycan Respublikasının Prezidentinin müəyyən etdiyi fəaliyyət sahələri üzrə işlərin görülməsi və ya xidmətlərin göstərilməsi üçün Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında təsis edilmiş hüquqi şəxslər tərəfindən dəvət edilmiş Azərbaycan Respublikasının Prezidentinin müəyyən etdiyi kateqoriyaya aid mütəxəssis olma;
  • Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ailə üzvləri olması;
  • xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filial və nümayəndəliyinin rəhbəri və onun müavini vəzifəsini tutma;
  • Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri və onun müavini vəzifəsini tutma;
  • Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olma.

Qeyd: Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşama müddəti o halda fasiləsiz hesab edilir ki, şəxs 180 gün ərzində 90 gündən çox müddətdə Azərbaycan Respublikasının ərazisindən kənarda olmasın.

 

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilməsinə əsas olan hallar mövcud olduqda, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşama icazəsinin müddətinin bitməsinə ən azı 3 ay qalmış bu barədə icazə alınması üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidir.

Azərbaycan Respublikasında daimi yaşama icazəsi almaq üçün müraciət etmiş şəxsin vəsatətinə "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən ödədiyi dövlət rüsumunun məbləğinə müvafiq olaraq həmin qanunda nəzərdə tutulmuş müddətdə baxılmaqla, Dövlət Miqrasiya Xidməti tərəfindən müvafiq qərar qəbul edilir.

Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə 5 il müddətinə verilir. Bu müddətin bitməsinə azı 3 ay qalmış əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətinə əsasən daimi yaşamaq üçün verilmiş icazə yenidən 5 il müddətinə uzadıla bilər. Uzadılmaların sayı məhdudlaşdırılmır.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilməsi ilə bağlı müraciətlərinə baxılarkən, onların Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin mütəxəssislərindən ibarət komissiya tərəfindən yoxlanılır. Bu hal 18 yaşına çatmamış uşaqlara, yaşı 65-dən yuxarı olan və ya I dərəcə əlil olan (müvafiq təsdiqedici sənəd təqdim edildiyi təqdirdə) əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə şamil edilmir.

 

Regional miqrasiya idarələri