AZ EN RU
logo Aliyev
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşaması

Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bunun üçün müvafiq icazə almalıdırlar.

Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilir.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi ilə bağlı müraciətlərinə “Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən ödədiyi dövlət rüsumunun məbləğinə müvafiq olaraq həmin qanunda nəzərdə tutulmuş müddətdə baxılır.

Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verildikdə, həmin şəxslərə Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi təqdim edilir.

Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə aşağıdakı hallarda verilir:

  • Azərbaycan Respublikasının vətəndaşı ilə yaxın qohumluq münasibətlərində olma;
  • ölkə iqtisadiyyatına azı 500.000 manat məbləğində investisiya qoyma;
  • Azərbaycan Respublikasının ərazisində azı 100.000 manat dəyərində daşınmaz əmlakı olduqda;
  • Azərbaycan Respublikasında fəaliyyət göstərən banklara müddətli əmanət müqaviləsi əsasında azı 100.000 manat məbləğdə pul vəsaiti qoyduqda;
  • iqtisadiyyat, sənaye,  hərbi, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssis olma;
  • Azərbaycan Respublikasının Prezidentinin müəyyən etdiyi fəaliyyət sahələri üzrə işlərin görülməsi və ya xidmətlərin göstərilməsi üçün Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında təsis edilmiş hüquqi şəxslər tərəfindən dəvət edilmiş Azərbaycan Respublikasının Prezidentinin müəyyən etdiyi kateqoriyaya aid mütəxəssis olması;
  • Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ailə üzvləri olması;
  • xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filial və nümayəndəliyinin rəhbəri və onun müavini vəzifəsini tutma;
  • Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri və onun müavini vəzifəsini tutma;
  • Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olma (göstərilən hal o vaxt Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsinə əsas hesab olunur ki, həmin şəxslər azı 5 nəfər ilə tam iş vaxtı şəraitində və ya 10 nəfər ilə natamam iş vaxtı şəraitində əmək müqaviləsi bağlamaqla faktiki fəaliyyət göstərirlər. Bu hal üzrə işçilərin ən azı 80 faizinin Azərbaycan Respublikası vətəndaşı olması tələb olunur)
  • Müvafiq icra hakimiyyəti orqanları tərəfindən işə cəlb edilənlərə;
  • Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə xidmətə və ya işə dəvət olunan hərbi qulluqçulara və mütəxəssislərə;
  • Kütləvi informasiya vasitələrinin Azərbaycan Respublikasında akkreditə olunmuş əməkdaşlarına;
  • Dənizçilərə;
  • Ali təhsil müəssisələrində mühazirə kurslarının oxunması üçün dəvət edilən professor-müəllim heyətinə və mühazirəçilərə;
  • İncəsənət işçilərinə, müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçmiş idman klublarına işə dəvət olunan məşqçilərə və idmançılara;
  • Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hallarda əmək fəaliyyətinə cəlb olunan şəxslərə.
  • Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada iş icazəsi aldıqda;
  • Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrində əyani formada və ümumtəhsil müəssisələrində təhsil aldıqda;
  • dövlət qeydiyyatına alınmış dini qurumlarda peşəkar dini fəaliyyətlə məşğul olduqda;
  • İnsan alverindən zərər çəkmiş şəxs hesab olunduqda;
  • Cinayət təqibi orqanlarına yardım göstərdikdə;
  • Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsinə əsas olan hallar mövcud olduqda, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma və ya müvəqqəti yaşama müddətinin bitməsinə azı 30 gün qalmış bu barədə icazə alınması üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidirlər.

 

Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə, ərizəçinin müraciətində göstərilən, lakin 1 ildən artıq olmayan müddətə verilir və müvafiq əsas olduqda, hər dəfə 2 ildən çox olmayan müddətə uzadıla bilər.

Ölkə iqtisadiyyatına azı 500.000 manat məbləğində investisiya qoyduqda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə ərizəçinin müraciətində göstərilən, lakin 3 ildən artıq olmayan müddətə verilir və müvafiq əsas olduqda, hər dəfə 3 ildən çox olmayan müddətə uzadıla bilər.

 

Regional miqrasiya idarələri