AZ EN RU
logo Aliyev

Milli musiqi alətləri

     Tar    Kamança  Saz  Tütək  Qaval

  Nağara  Qanun   Zurna       Ud    Balaban

Milli musiqi

Dünya musiqi mədəniyyəti xəzinəsini öz nadir inciləri ilə zənginləşdirən Azərbaycan musiqisinin çoxəsrlik ənənələri vardır. Bu ənənələri nəsildən-nəslə yaşadaraq böyük və zəngin bir irs yaradan xalq musiqi yaradıcılarının Azərbaycan musiqisinin inkişafında böyük xidmətləri olmuşdur.

Xalq musiqimiz Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Qara Qarayev, Vaqif Mustafazadə, Fikrət Əmirov, Niyazi, Arif Məlikov kimi görkəmli bəstəkarları bu gün bütün dünyada səsləndirilən əsərlər bəstələməyə ruhlandırmış, Bülbül, Rəşid Behbudov kimi sehirli, ecazkar səsə malik müğənnilərə ilham vermişdir.

Muğam

Azərbaycan milli musiqisinin təməl daşı, onun bünövrəsini muğamlar təşkil edir. 2003-cü ildə Azərbaycan muğamı YUNESKO-nun mədəni irsi siyahısına daxil edilmişdir. Muğam Şərq poeziyası ilə birgə inkişaf etmişdir. Belə ki, muğam ifa olunarkən xanəndələr Azərbaycan xalqının Nizami, Xaqani, Füzuli, Nəsimi kimi qüdrətli şairlərinin qəzəllərini oxuyurlar.

Çağdaş Azərbaycan musiqisində 7 əsas, 3 köməkçi muğam var. Əsas muğamlar "Rast", "Şur", "Segah", "Çahargah", "Bayatı-Şiraz", "Şüştər" və "Hümayun", köməkçi muğamlar isə "Şahnaz", "Sarənc" və "2-ci növ Çahargah"dır.                                   

Caz. Caz musiqisi XX əsrin 30-cu illərində Azərbaycana Amerikadan gətirilmişdir. Bakıda ilk caz orkestri Tofiq Quliyev və Niyazi tərəfindən yaradılmışdır. Bakıda ilk caz festivalı isə 1963-cü ildə keçirilmişdir. Ötən əsrin sonunda Azərbaycanda “Bakustik-caz” və “Sindikat” caz ansamblları, habelə “Arena” caz orkestri fəaliyyət göstərmişdir. 2007-ci ildən etibarən Bakı Beynəlxalq Caz Festivalı dövlət dəstəyi qazanaraq Mədəniyyət Nazirliyi tərəfindən keçirilir. Azərbaycanın müasir caz ifaçılığı sənətini məharətlə xarici ölkələrdə təmsil edən ifaçılar arasında Cəmil Əmirov, Cavan Zeynallı, Sevda Ələkbərzadə, Salman Qəmbərov, Emil Əfrasiyab, Əfqan Rəsul, Elçin Şirinov, Şahin Növrəsli, İsfar Sarabskinin adları qeyd oluna bilər. Hazırda Bakıda fəaliyyət göstərən “Bakı Caz Mərkəzi” Azərbaycanda cazın inkişafına öz töhfəsini verir.

Rok. Azərbaycanda rok janrı 1990-cı illərə təsadüf edir. İl rok qrupları “Üç Alov”, “Aşıqlar”, “Eksperiment OK” olmuşdur. 1968-ci ildə ilk rok festivalı keçirilmişdir. 1970-1980-ci illərdə Azərbaycanda caz və rok birlikdə inkişaf etmişdir. Növbəti mərhələdə “Qaya”, “Coldünya”, “Yuxu” kimi rok qrupları Azərbaycanı müxtəlif tədbirlərdə təmsil etmişlər. Hazırda rok qrupları əsasən istirahət məkanlarında və ya restoranlarda fəaliyyət göstərirlər.

Pop. Azərbaycan pop musiqisinin yaranması XX əsrin ortalarına təsadüf edir. 1957-ci ildə Tofiq Əhmədovun rəhbərlik etdiyi "Biz Bakıdanıq" estrada ansamblı Azərbaycan estrada sənətinin inkişafında mühüm rol oynamışlar.1970-ci illər Azərbaycan pop musiqisin "Qızıl dövrü" kmi xarakterizə olunur. Həmin dövrdə Mirzə Babayev, Şövkət Ələkbərova, Zeynəb Xanlarova, Oqtay Ağayev, İlhamə Quliyeva kimi klassik pop sənətçiləri böyük uğurlar əldə etmişlər. Müasir Azərbaycan pop musiqisi öz köklərini ənənəvi Azərbaycan xalq musiqisindən götürür.

Regional miqrasiya idarələri