AZ EN RU
logo Aliyev

Milli mətbəx:

Azərbaycanın milli mətbəxi son dərəcə zəngindir. Azərbaycan mətbəxində 2000-ə yaxın xörək məlumdur. Məsələn, plovun 200 növü, dolmanın 20-i növü, lülə kababın 20-i növü mövcuddur.Azərbaycanın mətbəx fəlsəfəsinin əsasında qonaq dayanır.

Odur ki, xoş gəlmişsiniz, buyurun qonağımız olun!

Qəlyənaltılar. Qəlyanaltılar arasında "məzə"ləri – salatları (çoban salatı, manqal salatı) qeyd etmək olar. Azərbaycan mətbəxinin gündəlik yüngül qəlyanaltı yeməkləri arasında "yaxma" (açıq buterbrod), "dürmək" (nazik çörəyə - yuxaya və ya lavaşa bükülmüş, digər çörək növlərinin arasını yarmaqla doldurulmuş yağ, pendir və s.) göstərmək olar. Bununla yanaşı, kükü, kürü, müxtəlif növ pendir çeşidləri, qutab növləri də milli qəlyənaltılar sırasında yer alır. Dünyanın kürü ehtiyatlarının 80%-i Xəzər dənizinin Azərbaycan sahillərinin payına düşür.

Manqal salatı      Kükü Qutab Kürü

Çörək. Azərbaycanda çörəyin yuxa, fətir, lavaş, xamralı, fəsəli, təndir çörəyi və s. müxtəlif formalı, qalınlıqda və hazırlanma üsuluna görə fərqli növləri mövcuddur. Ölkədə çörəyə xüsusi hörmətlə yanaşırlar. Əgər süfrəyə çörək gəlibsə, azərbaycanlılar ona hörmət əlaməti olaraq birinci əllərini çörəyə uzadırlar, hesab edirlər ki, çörək hər şeydən irəlidir. Çörəyə and içirlər.

Təndir çörəyi   Fəsəli  Xərək çörəyi  Lavaş

Ana yeməklər. Dolma, küftə, düşbərə, bozartma, xəngəl, ləvəngi, piti, çığırtma, dovğa, əcəb-sandal  və s. günü bu gün də yemək masalarına bəzəkdir. Azərbaycan mətbəxinin şah əsərləri isə plov və kabablardır. Azərbaycanın ağartı mətbəxi də son dərəcə geniş çeşiddə və zəngindir. Dovğa, doğramac, ayran aşı, südlü sıyıq və digər xörəklər hələ qədimlərdən mətbəximizi zənginləşdirmişdir.

Yarpaq dolması Piti Dovğa Balıq ləvəngisi

Kabab Şah plov Düşbərə Küftə Bozbaş

 

Şirniyyatlar. Yeməyin sonunda süfrəyə "çərəzlər" (meyvələr, quru meyvələr, qoz, fındıq və s.) və şirin yeməklər verilir. Milli şirniyyatlar sırasında şəkərbura, paxlava, qoğal, badambura bayram süfrələrinin ayrılmaz tərkib hissəsi hesab olunur. Bununla yanaşı, müxtəlif növ meyvələrdən hazırlanmış gilas, qoz, badam, şaftalı, ərik, zoğal, qarpız mürəbbələri çay süfrələrində yer alır.

Şəkərbura  Paxlava Qoğal Mürəbbələr

 

İçkilər. Çay Azərbaycan mətbəxində xüsusi yer tutur, yeməkdən sonra şirniyyatlarla servis olunur. Azərbaycanın çay brendi olan “Azərçay” ölkəmizi dünyada layiqincə təmsil edir. Sərinləşdirici içkilər sırasında Azərbaycanın mineral suları "İstisu", "Badamlı", "Sirab" və s. özəl yer tutur. Həmçinin, müxtəlif növ xoşablar (kompotlar) və paludlar (kisellər) mövcuddur. Azərbaycan şərabı dünyanın bir çox ölkələrində məşhurdur.  Bayan, Alşərab, Sadıllı, Mədrəsə, Rübai, Çinar, Novruzlu, Şamxor, Qarakənd Azərbaycanın sevimli şərab növlərindəndir.

Çay   Şərab Reyhan kompotu Təbii mineral sular
Regional miqrasiya idarələri