AZ EN RU
logo Aliyev

Azərbaycanda nə edə bilərəm

Səmada aktiv istirahət

Son zamanlar paraşütlə tullanma Azərbaycanda getdikcə məşhurlaşır. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası (FAIREX) çərçivəsində fəaliyyət göstərən bir neçə ixtisaslaşmış klub (“Gilavar”, “RockStone”, ”Ekoturist”) paraşütlə tullanma eyforiyasını yaşamaq istəyənlərə kömək edəcək. Yeni başlayanlar üçün təkbaşına və təlimatçı ilə birgə tullanma variantları mövcuddur. Paraşütlə tullanma əməliyyatları əsasən Bakıdan 394 kilometr məsafədə yerləşən Balakən Aviasiya Mərkəzində yerinə yetirilir. Burada tez-tez beynəlxalq yarışlar da keçirilir.

 

Dağ xizəkçiliyi istirahəti

Azərbaycanda əsl qış istirahəti keçirmək istəyənlər üçün Qusar və Qəbələ rayonlarının dağlıq əraziləri ideal fürsətdir. Buradakı beynəlxalq səviyyəli “Şahdağ” və “Tufandağ” qış turizm komplekslərində mövsümə uyğun xizək və snoubordla sürətli eniş, ətraf təpələrdə rahat gəzinti, habelə kanat yolu ilə səyahət kimi qış əyləncələri təqdim edilir.

 

Ziplayn

Ziplaynla siz havadan asılı qalaraq yaşadığınız heyranedici duyğularla dağların möhtəşəm mənzərəsinin ahəngini hiss edə bilərsiniz. Heç də ürəyi zəif olanlar üçün nəzərdə tutulmayan bu ekstremal idman zamanı siz təxminən 45 metr hündürlükdə 20-25 km/saat sürətlə kanatın bir ucundan digər ucuna kimi havada hərəkət edəcəksiniz. Sizə təhlükəsizlik ləvazimatları veriləcək və daim nəzarət altında olacaqsınız.

 

Atçılıq

At saxlamaq çətin məşğuliyyət növü olsa da, Azərbaycanda hər kəs atçılıq idmanı üzrə gücünü sınaya, yaxud sadəcə at belində gəzintiyə çıxa bilər. Atçılıq İdmanı Federasiyası ölkədə müvafiq yarışların təşkilatçısı kimi atçılıq idmanı klublarının əksəriyyətini özündə birləşdirir. Binə Atçılıq Mərkəzi və Cıdır Atçılıq Mərkəzi at minmək həvəskarları üçün ideal məkandır.

 

Balıq ovu

Azərbaycanın tükənməz təbii sərvətləri, o cümlədən Xəzər dənizinin, çoxsaylı çayların, göllərin və su hövzələrinin bioloji ehtiyatları ilin bütün mövsümlərində balıq ovu həvəskarları üçün əlverişli şərait yaradır. Qeyd edək ki, ölkə ərazisində balıq ovu üçün Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin razılığı tələb olunur.

Xəzər dənizində Pirallahı adası, Neftçala, Lənkəran, Siyəzən, Xaçmaz (Nabran) bölgələrində dəniz akvatoriyası, Mingəçevirdə Kür çayının və su anbarının, həmçinin Şəmkir su anbarının ehtiyatları balıq ovu həvəskarları üçün əlverişli yerlərdir. Şamaxıdakı Sakit Göldə yerləşən özəl təsərrüfatlar da balıq tutmaq üçün münasibdir. Oğuzdakı Xal-Xal şəlaləsi xüsusi olaraq qeyd edilməlidir. Həmçinin Mingəçevir şəhərinin mərkəzindəki körpüdə balıq tutmaqla yanaşı, Kür çayında da ayrıca balıq ovu etmək mümkündür.

 

Ovçuluq

Zəngin və bərəkətli Azərbaycanın faunasına daxil olan vəhşi heyvanlar və quşlar, o cümlədən endemiklər (Qafqaz turu) əla ov obyektləridir. Qeyd edək ki, ölkə ərazisində ova çıxmağa yalnız Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qərarı əsasında ov mövsümündə bunun üçün müəyyən edilmiş xüsusi yerlərdə, həmçinin bölgələrdəki ovçuluq təsərrüfatlarında icazə verilir. Azərbaycanda mövsümündən asılı olaraq qaban, yenot, tülkü, çaqqal, qunduz və quşların ovlanması geniş yayılıb.

 

Nar festivalı

Bu festival Göyçay rayonunda nar yığımı zamanı, əsasən noyabr ayında  təşkil olunur. "Nar bayramı" adını alan festival 2006-cı ildən keçirilir. Festivalda Göyçay rayonun ayrı-ayrı kəndlərində yetişən nar növləri və onlardan hazırlanmış məhsullar rayon mərkəzinə gətirilir və şəhər meydanında təşkil olunmuş sərgidə nümayiş etdirilir. Şəhər mərkəzində gənc idmançıların çıxışları və konsert proqramlarına tamaşa edilir.

 

Bakı marafonu

Marafon qaçışı 42 kilometr 195 metr məsafədə qaçışı nəzərdə tutan yüngül atletika növüdür. 2016-cı ildə Bakı Marafonunun həyata keçirilməsi təşəbbüsü Heydər Əliyev Fondu tərəfindən irəli sürülmüşdür. Bakı Marafonunun məqsədi idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah məqsədlə bir araya gətirməkdir. Artıq ənənə halını almış Bakı Marafonu hər il aprel-may aylarında təşkil olunur. Marafondan toplanılan vəsait xeyriyyə məqsədlərinə sərf olunur.

Regional miqrasiya idarələri