AZ EN RU
logo Aliyev

AZƏRBAYCAN RESPUBLİKASI

(Ümumi qısa məlumat)

 

Yaranma tarixi                                                        - 28 may 1918-ci il

Birləşmiş Millətlər Təşkilatına daxil olduğu tarix     - 2 mart 1992-ci il

Avropa Şurasına daxil olduğu tarix                         - 17 Yanvar 2001-ci il

Ərazisi, min.kv.km                                                   - 86,6

Paytaxtı                                                                   - BAKI

Pul vahidi                                                                 - manat

Azərbaycan Respublikasının rəmzləri:

   DÖVLƏT BAYRAĞI

Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, asagı zolaq yasıl rəngdədir. Mavi rəng - Azərbaycan xalqının türk mənsəli olmasını, qırmızı rəng - müasir cəmiyyət qurmaq, demokratiyanı inkisaf etdirmək istəyini, yasıl rəng - islam sivilizasiyasına mənsublugunu ifadə edir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.

DÖVLƏT GERBİ

Azərbaycan Respublikasının Dövlət gerbi Azərbaycan dövlətinin müstəqilliyi rəmzidir. Dövlət gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən şərq qalxanının təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan Respublikasının Dövlət bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri vardır.

DÖVLƏT HİMNİ

Musiqisi: Üzeyir Hacıbəyovun

Sözləri: Əhməd Cavadındır

Azərbaycan, Azərbaycan!

Ey qəhrəman övladın şanlı Vətəni!

Səndən ötrü can verməyə cümlə hazırız!

Səndən ötrü qan tökməyə cümlə qadiriz!

Üç rəngli bayragınla məsud yaşa!

Minlərlə can qurban oldu,

Sinən hərbə meydan oldu!

Hüququndan keçən əsgər!

Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,

Sənə hər an can qurban!

Sənə min bir məhəbbət

Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,

Bayrağını yüksəltməyə,

Cümlə gənclər müştaqdır!

Şanlı Vətən, Şanlı Vətən!

Azərbaycan, Azərbaycan!

 

Bayram günləri:

Yeni il bayramı                                        1-2 yanvar

Beynəlxalq Qadınlar Günü                      8 mart

Novruz Bayramı                                      20-24 mart

Faşizm Üzərində Qələbə Günü               9 may

Respublika Günü                                    28 may

Milli Qurtuluş Günü                                 15 iyun

Silahlı Qüvvələr Günü                             26 iyun

Dövlət Müstəqilliyi Günü                         18 oktyabr

Dövlət Bayrağı Günü                              9 noyabr

Azərbaycanın Konstitusiya Günü          12 noyabr

Milli Dirçəliş Günü                                  17 noyabr

Dünya Azərbaycanlıların Həmrəylik Günü    31 dekabr

Dini bayramlar: 

Qurban Bayramı                   2 gün

Ramazan Bayramı               2 gün

Anım günləri:     

20 Yanvar                                                      20 yanvar

Xocalı soyqırımı                                            26 fevral

Azərbaycanlıların soyqırımı günü                 31 mart

Coğrafi məlumat:

  • 86,6 min kv. kilometrdir. Ölkə 44° və 52° şərq uzunluq dairəsi, 38° və 42° şimal en dairəsində, Bakı 40° paralel üzərindədir. Ən iri şəhərləri Gəncə, Sumqayıt, Şəki, Mingəçevir, Lənkəran, Naxçıvan, Xankəndidir (hazırda Ermənistanın işğalı altındadır). 

Dövlət sərhədləri:

Cənubdan İranla 765 km və Türkiyə ilə 15 km, şimaldan Rusiya ilə 390 km, şimali-qərbdən Gürcüstan ilə 480 km, qərbdən Ermənistan ilə 1007 km həmsərhəddir. 

Xəzər dənizinin Azərbaycan sektorunda ən enli sahəsinin uzunluğu 456 km. 

Əhalinin ümumi sayı: 9898,1 milyon.

Dövlət dili: Azərbaycan

Din: Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir.

Ölkə əhalinin böyük əksəriyyəti müsəlmanlardır. Hazırda Azərbaycanda 2 mindən çox məscid, 13 kilsə və 7 sinaqoq var.

Siyasi quruluş: Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır.

Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir: Azərbaycan siyasi sistemində dövlət hakimiyyətinin həyata keçirilməsi formasına görə prezident üsul-idarəsinə əsaslanan respublikadır.

Dövlət rəhbəri: Prezident

O, ümumi gizli səsvermə yolu ilə 7 ildən bir seçilir. 2018-ci ilin aprelin 11-də İlham Heydər oğlu Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.


Azərbaycanın paytaxtı Bakı Xəzər dənizinin qərb sahillərində, Abşeron yarımadasının cənubunda yerləşən tarixi bir şəhər. Bakıya küləklər şəhəri də deyirlər. Qədim Bakı vaxtilə ticarət və neft  istehsalı mərkəzlərindən olub. Şərqlə Qərb arasında bir körpü olan Bakıda əsrlər boyu müxtəlif mədəniyyət və sivilizasiyalar  qovuşmuşdur.

1848-ci ildə Bakıda dünyada ilk dəfə olaraq buruq üsulu ilə quyu qazılmış və neft fontanı vurmuşdur. Dünyada ilk neft tankeri “Zoroaster” 1879-cu ildən Bakıda Nobel qardaşları tərəfindən istifadə olunmuşdur. 1949-cu il  noyabrın 7-də isə Xəzərdə ilk yatağın 942 metr dərinliyindən neft fəvvarə vurur və bununla da dənizdə neftçıxarmanın əsası qoyulur.  Bu gün isə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) öz çoxəhatəli fəaliyyəti ilə nüfuzlu neft şirkətləri sırasına daxil olmaqdadır. Neftdən başqa Bakı həm də Azərbaycanın elm, təhsil, mədəniyyət və idman mərkəzidir.   Bura müsəlman şərqində ilk opera, balet və Avropa tipli universitetin vətənidir.

Şərq və Qərb memarlığının möhtəşəm harmoniyası, həmçinin ilk neft bumunda (1872-1920) inşa edilən binalar bu gün də Bakıda özünəməxsus ab-hava yaradır və şəhər arxitekturasına öz təsirini göstərir. Bakının ən qədim tarixinin izləri İçərişəhərdədir.

 

İçərişəhər

Azərbaycan memarlığının nadir incisi olan İçərişəhər Bakının mərkəzində 22 hektarlıq ərazidə yerləşir. Qədim şəhərdə yüzlərlə tarixi abidə var. Bunlardan 4-ü dünya, 28-i yerli əhəmiyyətlidir. Şəhər içərisində unikal şəhər olan İçərişəhərdə 1300-dən çox ailə yaşayır, bir neçə muzey, 18 otel, 100-dən artıq ticarət və iaşə obyekti fəaliyyət göstərir. Xəzər dənizinin sahilində orta yüksəklikli təpəliklərdə qərar tutan İçərişəhər qala divarları ilə əhatə olunur. İçərişəhər Qız Qalası və Şirvanşahlar sarayı ilə birlikdə 2000-ci ildən UNESCO-nun Dünya Mədəni İrsi siyahısına daxil edilib.

 

Qız Qalası

Xəzər dənizinin kənarında  nəhəng bir qayanın üzərində  silindirik fоrmada tikilmiş Qız Qalası Bakının rəmzinə çevrilib. Qalanın hündürlüyü şimal tərəfdən 31, cənub tərəfdən isə 28 metrdir. 


Şirvanşahlar Saray Kompleksi

Ortа əsr mеmаrlığının şаh əsərlərindən biri оlаn Şirvаn hаkimlərinin iqаmətgаhı- "Şirvаnşаhlаr Sаrаy Ansаmblı" qədim şəhərin əsas görməli tarixi memarlıq məkanlarından biri kimi üstünlüyünü sахlаmаqdаdır.  XII əsrdə Şamaxıda baş verən zəlzələdən sonra pаytахtın Bаkıyа köçürülməsi nəticəsində Şirvаnşаhlаr Sаrаyı ucаldılmışdır. Sаrаy kompleksi hər biri öz memarlıq strukturu və xidmət funksiyasına görə seçilən 9 tikilidən: Sаrаy binаsı, Divаnхаnа, Dərviş türbəsi, Şərq dаrvаzаsı (pоrtаl), sаrаy məscidi, Kеy-Qubаd məscidi, sаrаy türbəsi, hаmаm və оvdаndаn ibаrətdir.  Saray kompleksində  Divаnхаnа ilə Şirvаnşаhlаr türbəsinin pоrtаlı xüsusi yer tutur. Divаnхаnа gözəlliyinə və incəliyinə görə nəinki Аzərbаycаnın, həm də Yахın Şərqin uyğun mеmаrlıq аbidələrinin şаh əsəri sаyılır. 1954-cü ildən “Şirvаnşаhlаr Sаrаyı Kоmplеksi” Dövlət Tаriхi Mеmаrlıq Qоruq Muzеyinə çеvrilmişdir.

 

Qala divarları

Qala divarları Şirvаnşаh III Mənuçöhrün (1120-1149) göstərişi ilə təqribən 1138-1139-cu illərdə inşа оlunmuşdur. Orta əsrlərdə uzunluğu 1500 m. olan İçərişəhər Qala divarından hazırda təqribən 600 metri salamat qalıb. Qаlа divаrı yоnulmuş əhəng dаşındаn tikilmişdir. Qаlınlığı 3-3,5, hündürlüyü isə 8-12 mеtr təşkil edir.


Heydər Əliyev Mərkəzi

Heydər Əliyev Mərkəzində konqress mərkəzi, muzey, sərgi zalları vardır. Layihə 2007-ci ildə məşhur memar Zaha Hadid tərəfindən hazırlanıb. Açılış mərasimi 10 may 2012-ci ildə baş tutub. 2014-cü ildə ilin dizaynı mükafatını alıb. Bina müasir Bakının əsas simvollarından birinə  çevrilmişdir.

Bakı şəhərinin ən böyük sərvəti isə onun sakinləridir. Paytaxt sakinlərinin qonaqpərvərliyi və səmimiliyi hər bir insanda unudulmaz xoş təəssüratlar yaradır.

 

Dənizkənarı Milli Park

Paytaxt sakinlərinin, eləcə də qonaqların dincəlmək və əylənmək məqsədilə ən çox üz tutduğu əsas məkanlardandır. Ərazisinin böyüklüyünə görə Avropada ikinci yerdə olan Bakı Bulvarı 1998-ci il dekabrın 29-dan Milli Park statusuna malikdir. Hazırda bulvarın uzunluğu 16 kilometrə çatıb. Milli Parkda 60-70, 150-200 yaşlı  ağaclar, nadir bitki növləri istirahətə gələnlərdə xoş ovqat yaradır. Burada müntəzəm olaraq fayton və dəniz gəzintiləri təşkil edilir. Milli Parkda müxtəlif karusel və attraksionlar fəaliyyət göstərir. Bulvar ərazisində "4D" formatında kino zalı da var.

 

Dövlət Bayrağı Meydanı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2007-ci il 17 noyabr tarixli, Sərəncamına əsasən Bakı şəhərində Dövlət Bayrağı Meydanı yaradılmışdır.

2010-cu il sentyabrın 1-də Dövlət Bayrağı Meydanının təntənəli açılışı və bayrağın qaldırılması mərasimi olmuşdur.

Dənizkanarı 60 hektar ərazidə yerləşən Dövlət Bayrağı Meydanı Kompleksində parklar, gəzinti, istirahət və kütləvi idman-əyləncə tədbirlərinin keçirilməsi üçün sahələr mövcuddur.

Bayraq dirəyinin hündürlüyü 162 metr, bayrağın eni – 35 metr, uzunluğu - 70 metrdir və 2450 kvadratmetr sahəni əhatə edir.


Fəvvarələr meydanı

XIX və XX əsrlər Azərbaycan memarlıq incilərinin yerləşdiyi məkanlardan biri kimi diqqəti cəlb edən Fəvvarələr meydanı orijinalığı ilə diqqət cəlb edir.  Burada  müxtəlif modern fəvvarələr,  attraksionlar, eləcə də müxtəlif alış-veriş mərkəzləri var. 

 

"Atəşgah Məbədi" Dövlət Tarix-Memarlıq Qoruğu

Atəşgah Abşeron yarımadasında, Bakının 30 kilometrliyindəki Suraxanı qəsəbəsinin cənub-şərq hissəsində yerləşir. XVII-XVIII əsrlərdə təbii qazın çıxdığı əbədi alovların yerində inşa edilib. Odlar Yurdunun heç vaxt sönməyən bu əbədi məşəlində küləklə odun ecazkar rəqsinə tamaşa etməkdən zövq alacaqsınız. Unikallığına görə dünyanın möcüzəvi tarixi məkanlarından biri hesab edilən Atəşgah məbədi 2007-ci ildən Dövlət Tarix-Memarlıq Qoruğu elan olunub.

 

Yanar dağ

"Yanar dağ" Abşeron yarımadasının Məhəmmədi kəndində yerləşir. Təbii qazın çıxdığı əbədi alovlar məkanı olan "Yanar dağ"  2007-ci ildən Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna çevrilib.

 

Azərbaycan Dövlət Filarmoniyası

1910-1912-ci illərdə “İctimai toplantilarin yay binasi” proyekti kimi inşa edilmişdi. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra 1920-ci ildə pərakəndə fəaliyyət göstərən ansambllar, örkestrlər və musiqi həvəskarlari bu binada toplanmışdi. 1936-ci il mayin 25-də Azərbaycanda da filarmoniya yaranmışdi.

1936-37-ci illərdə binada bərpa işləri görulmuşdur. 1937-ci ildən Azərbaycan Dövlət Filarmoniyası respublikamızın mədəni həyatında əvəzedilməz rol oynayır. Filarmoniya milli və klassik musiqiçilərin təkrarsız təbliğat oçağıdır. Bu möhtəşəm konsert təşkilatında 7 kollektiv fəaliyyət göstərir.

 

Möcüzələr adası – Neft Daşları

Bu gün “Neft Daşları” kimi tanınan məkan bəzən dünyanın səkkizinci möcüzəsi,  yeddi gəmi adası, möcüzələr adası da adlandırılıb. Abşeron yarımadasından 42 kilometr cənub-şərqdə yerləşən Neft Daşları dənizin dibinə bərkidilmiş metal dirəklərin üstündəki estakadalar üzərində dəniz səthindən bir neçə metr hündürlükdə salınıb.

 

Naxçıvan xan Sarayı

Naxçıvan xan Sarayı XVIII əsrə aid tarixi-memarlıq abidəsidir. Naxçıvan-Marağa memarlıq məktəbi üslubunda tikilmiş abidə XX əsrin əvvəllərinə qədər Naxçıvan xanlarının yaşayış evi olub. Sarayı XVIII əsrin sonunda axırıncı Naxçıvan xanı Ehsan xanın atası Kəlbəli xan Kəngərli tikdirmişdir.


Gəmiqaya rəsmləri

Gəmiqaya rəsmləri Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda yerləşir. Tədqiqatlar nəticəsində orada yaşamış əhalinin həyat tərzini və mədəni inkişaf yollarını izləmək mümkündür. Gəmiqaya rəsmlərinin əksəriyyəti Tunc dövrünə aid edilir. Lakin burada daha qədim rəsmlərin olduğu da ehtimal olunur.


Möminə xatun Türbəsi

Məşhur Azərbaycan memarı Əcəmi Naxçıvaninin şah əsəri və Naxçıvan-Marağa memarlıq məktəbinin ən dəyərli abidələrindən biridir. Naxçıvan şəhərinin tarixi mərkəzində-Atabəylər Memarlıq Kompleksinin tərkibində yerləşir. Möminə xatun Türbəsi həmin kompleksdən dövrümüzə çatmış yeganə abidədir. Möminə xatun Türbəsini Əcəmi 1186-cı ildə Naxçıvanın qərb hissəsində ucaltmışdır. El yaddaşında "Atabəy günbəzi" adı ilə qalan bu türbə Atabəy Şəmsəddin Eldənizin arvadı, Məhəmməd Cahan Pəhləvanın anası Möminə xatunun şərəfinə tikilmişdir.

 

Yusif ibn Küseyir Türbəsi

Yusif ibn Küseyr türbəsi Naxçıvan şəhərində ən qədim memarlıq abidələrindən biridir. Xalq arasında "Atababa türbəsi" də adlanır. Türbənin üzərindəki kitabədə onun 1162-ci ildə memar Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən tikildiyi  yazılır. 


Şəki xan Sarayı

Bakıdan 305 km məsafədə yeləşən Şəki şəhəri təbiəti, tarixi memarlıq abidələri, eləcə də ləziz mətbəxi ilə qonaqlarda unudulmaz təəssüratlar yaradır.  XVIII əsrə aid Şəki xan Sarayı Məhəmmədhəsən xan tərəfindən inşa etdirilib. Sarayın memarlıq ansamblı,  şəbəkələri göz oxşayır. Şəkidə hələ də nəsildən-nəslə ötürülərək yaşadılan şəbəkə sənətinin əsas xüsusiyyəti burada özünü bütün mükəmməlliyi ilə büruzə verir. Belə ki, binada mismar və yapışqandan istifadə edilməyib, ağac və şüşə parçaları bir-birinə keçirilərək bərkidilib. Buradakı ornamentlər, müxtəlif naxışlar, oymalar, rənglərin ahəngi binanın gözəlliyinə xüsusi rəng qatır. Otaqların divarları ilə yanaşı tavanı da yaraşıqlı naxışlara qərq edilib.

 

Şəki Karvansarayı

XVIII əsrin daha bir dəyərli memarlıq nümunəsi Şəki Karvansarayıdır. Dərin zirzəmili ikimərtəbəli bina Şərq memarlıq üslubunun orijinal çalarları ilə zəngindir. Karvansarayın çarhovuzlu geniş həyətindən ikinci mərtəbəyə müxtəlif səmtlərdən daş pilləkənlərlə qalxmaq mümkündür. İlk baxışdan giriş-çıxışı mürəkkəb labirint kimi görünsə də, tikilidə hərəkəti rahatlaşdıran memarlıq vasitələri nəzərə çarpır. Bu məqsədlə quraşdırılan məhəccərli dəhlizlər binaya bədii görünüş baxımından da yaraşıq verir, görünüşdə ahəngdarlıq yaradır. Keçmişdə qonaqların və tacirlərin sığınacağına çevrilən bu məkan hazırda karvansaray-mehmanxana kompleksi kimi istifadə edilir. Burada qonaqların və turistlərin rahatlığı üçün bütün şərait nəzərə alınıb. Binanın strukturu və yerləşdiyi ərazi isti yay günlərində qonaqlara kondisionerə ehtiyac duymadan təmiz və sərin dağ havasından zövq almağa imkan verir.


"Gələrsən-görərsən" qalası

Şəkinin Kiş kəndinin şimal-şərqində, Kiş çayının qollarından birinin sol sahilində, Qaratəpə dağının üzərində yerləşən "Gələrsən-görərsən" qalası sıldırım yamaclara söykənir.  XV əsrə məxsus olan bu abidə coğrafi mövqeyinə görə tarixən müdafiə istehkamlarından biri hesab edilirdi. Tarixin  dərin izlərini özündə yaşadan bu əzəmətli memarlıq nümunəsi turistlərin ən çox baş çəkdiyi məkanlardandır.

Xınalıq kəndi

Quba şəhərindən 57 km cənub-qərbdə, paytaxtdan 225 km aralıda yerləşən bu kənd etnoqrafik bənzərsizliyi ilə seçilir. O, Qafqaz dağlarının uca zirvəsində amfiteatrı xatırladır. Kəndin  Xınalıq adı da elə onun təbiətinin füsunkarlığından yaranıb. Bu ad Günəş çıxdıqdan sonra dağın boyandığı rəngi ifadə edir. Dəniz səviyyəsindən 2350 metr yüksəklikdə, 5000 illik tarixə malik Qızıl Qaya, Şah, Tufan və Xınalıq dağlarının əhatəsində qərarlaşan bu kənd dünyanın ən yüksək yaşayış məntəqələrindən biridir. Kənd sakinləri mürəkkəb morfoloji struktura malik Xınalıq dilində danışırlar. Dünyada bu dildə danışan ikinci bir tayfa və ya xalq yoxdur. 2007-ci ildən Xınalıq Dövlət Tarixi Memarlıq Etnoqrafiya Qoruğu elan edilib.


Lahıc

İsmayıllı rayonunun Lahıc qəsəbəsi Azərbaycanın qədim yaşayış məskənlərindəndir. Böyük Qafqaz sıra dağlarının cənub yamacında dəniz səviyyəsindən 1505 metr hündürlükdə yerləşir. Lahıc Girdiman çayının sahilində Babadağ və Niyaldağ silsilələri ilə əhatə olunur. İki dağın əhatəsində olması Lahıca təbii qala şəraiti bəxş edir. Belə bir coğrafi məkan qədim zamanlarda Lahıcın xarici təsirlərdən, basqınlardan yaxşı müdafiə olunması üçün imkan yaradıb.

1717-1718-ci illərdə usta Nəcəfqulunun düzəltdiyi samovar mütənasibliyi, formasının gözəlliyi, üzərindəki bəzəkləri ilə şöhrət qazanıb. XIX əsrin ortalarında Lahıcda 200-dək misgərlik emalatxanası fəaliyyət göstərib. Lahıc ustaları odlu (tüfəng, müxtəlif tipli tapançalar və sair) və soyuq (xəncər, beybut, qılınc, bıçaq və sair) silah hazırlamaları ilə də tanınırlar. Bu silahlar ornamentlərlə bəzədilir, onlara sənətkarların möhürü vurulurdu.
Lahıc ustalarının misdən hazırladıqları, mürəkkəb və incə naxışlarla bəzədikləri dolça, satıl, sərnic, məcməyi, sərpuc, güyüm, aşsüzən, kəfkir, kasa, cam, qazan, çıraq və digər məmulatlar Orta Asiyada, Dağıstanda, Gürcüstanda, İranda, Türkiyədə və digər yerlərdə tanınıb. 1980-ci ildən muzey-qoruğa çevrilmiş Lahıcda həmin illərdən yadigar qalan məhəllə məscidləri, su kəməri və kanalizasiya (kürəbənd), Girdiman qalası qorunur, sənətkarlıq ənənələri davam və inkişaf etdirilir. Burada yaşayıb-yaratmış misgərlərin, zərgərlərin, sərracların, ahəngərlərin, dülgərlərin, xalçaçıların, nəqqaşların, çəkmə və çarıq tikənlərin, eləcə də digər ustaların yaratdıqları maddi-mədəniyyət nümunələri hazırda dünyada tanınır.


Gəncə

Dəniz səviyyəsindən 400-450 metr yüksəklikdə yerləşən Gəncə şəhəri Azərbaycanın qərbində, paytaxt Bakı şəhərindən 375-km qərbdə, Kiçik Qafqazın şimal-şərq ətəyini Kür-Araz ovalığındakı Gəncə-Qazax düzənliyində yerləşir. 

Bəşər svilizasiyasının ilkin meydana gəlmiş ərazilərindən biri də Azərbaycanın ayrılmaz hissəsi olan Gəncə şəhərinin tarixi ərazisi olmuşdur. Elmi və arxeoloji tədqiqatlar sübut etmişdir ki, Gəncə təkcə Azərbaycanın deyil, bütövlükdə Şərqin elm və mədəniyyət beşiklərindən olmuşdur. Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə qatar, avtonəqliyyat və ya  təyyarə ilə səfər etmək mümkündür.  Azərbaycan rəssamlarının ilham mənbəyinə çevrilən, gözəlliyi ilə dillərdə əzbər olmuş Göygöl də Gəncə yaxınlığındadır. 1139-cu ildə Gəncədə baş vermiş zəlzələ nəticəsində Kəpəz dağı uçaraq Ağsu çayının qarşısını kəsib. Nəticədə isə füsunkar gözəlliyi, xüsusilə də suyunun şəffaflığı ilə seçilən məşhur Göygöl yaranıb. Nadir təbiəti, dünyanın heç bir yeri ilə müqayisə edilməyən fauna və florası ilə seçilən Göygöl hazırda həm də qoruq kimi fəaliyyət göstərir.

Gəncədən 45 km aralıda yerləşən Maralgöl də qonaqların sevimli istirahət yeridir.


Azərbaycan ədəbiyyatının görkəmli simaları  Nizami Gəncəvi, Əbül-Üla Gəncəvi, Məhsəti Gəncəvi, Rəziyyə Gəncəvi, Mirzə Şəfi Vazeh kimi dahi mütəfəkkir və söz ustalarını dünyaya bəxş etmiş Gəncə şəhəri XII-XIII əsrlərdə yüksək statusunu bərpa edərək bütöv Şərqin elm, mədəniyyət və dövlətçilik ənənələrini yaşadan möhtəşəm şəhərlərdən birinə çevrilmişdir.

 

Qəbələ

Bakıdan 225 km məsafədə yerləşən  qədim Qəbələ şəhəri 600 il ərzində Qafqaz Albaniyası dövlətinin paytaxtı olub. Dəniz səviyyəsindən 1000 m yüksəklikdə yerləşən şabalıd meşəsi bu rayonun sərvətidir. Burada dövlət tərəfindən mühafizə olunan ağacların yaşı 500 ildən çoxdur. Mineral su bulaqları və təmiz sulu çeşmələri ilə isti yay günlərində ürəklərə sərinlik gətirən Qəbələ şəhəri klassik musiqisevərlərin də görüş yeridir.  Hər ilin yay mövsümündə Qəbələdə beynəlxalq əhəmiyyətli klassik musiqi festivalı keçirilir. Dünyanın müxtəlif qitələrindən musiqi xadimləri sənət uğurlarını məhz bu füsunkar məkanda açıq səma altında paylaşırlar. Qəbələdəki qədim qalalar, məqbərələr, IX-XI əsrlərə aid qədim qüllə, Tarix-diyarşünaslıq Muzeyi tarixi öyrənmək istəyənlərin baş çəkməli olduğu yerlərdəndir.

Dağlıq ərazidə istirahət üçün bütün əlverişli şəraitə malik olan “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi Qəbələ şəhərindən təxminən 4 km aralıda yerləşir. Bu rekreasiya-turizm obyekti ölkəmizdə il boyu yerli və xarici turistlərin yüksək səviyyəli istirahətini təmin edir. Kompleks turistlərə ilboyu kanat gəzintisi, qış mövsümündə müxtəlif mürəkkəblik səviyyəli yollarda xizəklə sürüşməyi, xizəklə sürüşmə təlimi, xizəkçilik məktəbi, iaşə xidməti (kafe, restoran), uşaq istirahət mərkəzi, otel (mehmanxana) və digər xidmətləri təklif edir.


Qusar

Dağlar və vadilər diyarı kimi səciyyələndirilən Qusar rayonunun florası və faunası da özünəməxsusluğu ilə seçilir. 20 faizi meşələrlə örtülü olan rayonun fıstıq meşəsi isə xüsusi mühafizə edilir. Şahnabaz və Laza şəlaləri qeyri-adi mənzərəsi ilə insanları heyrətə gətirir. Rayonda tarixi abidələr, Şeyx Cüneyd məqbərəsi, qədim məscidlər  qorunub saxlanılmışdır. Böyük Qafqaz dağlarının Bazardüzü (4466 m.) və Şahdağ (4243 m.) zirvələri Qusar rayonu ərazisindədir.

Qusar şəhərindən 32 kilometr şimalda Qusar rayonunda “Şahdağ” qış-yay turizm kompleksində insanların  xizək və digər qış idman növləri ilə məşğul olmaq,  asudə vaxtını xoş və mənalı keçirmək üçün əyləncə - oyun zonaları, istirahət qurşaqları, idman meydançaları var. Dəniz səviyyəsindən 1300-2300 metr yüksəklikdə yerləşən turizm kompleksinin ərazisi 2058 hektardır. Azərbaycanda və ümumiyyətlə, dünyada ən mükəmməl layihələrdən olan “Şahdağ” qış-yay turizm kompleksi oxşar istirahət mərkəzlərindən bənzərsizliyi ilə fərqlənir və ilboyu fəaliyyət göstərmək iqtidarındadır.


Naftalan

Kiçik Qafqaz sıra dağlarının ətəklərində yerləşən Naftalan kurortu təbiətin insana olan sevgisinin ən bariz nümunəsidir. Naftalan nefti  orta əsrlərdən bir çox xəstəliklərin müalicəsində təsirli dərman kimi tətbiq olunub. Bakı şəhərindən 320 km uzaqlıqda olan kurortun yayı quru-isti, qışı mülayim isti keçir. Kurort ilboyu xidmət göstərir. "1001 dərdin dərmanı" olan Naftalan nefti əsəb, ginekoloji, uroloji və dəri xəstəliklərinin, eləcə də qaraciyər xəstəliklərinin, oynaqların müalicəsində təsirli vasitə kimi bütün dünyada məşhurdur.

Azərbaycanda təxmini 600-ə yaxın mehmanxana və mehmanxana tipli müəssisə. Otel əməkdaşları əsasən sizə ingilis, rus, türk və ərəb dilində xidmət göstərirlər.

Hava nəqliyyatı

Milli aviaşirkət - "Azərbaycan Hava Yolları"dır. Bakıda Heydər Əliyev Beynəlxalq Aeroportu və ölkənin digər hava limanları (Gəncə, Qəbələ, Lənkəran və Naxçıvan şəhərlərində) daxili və beynəlxalq reyslərlə fəaliyyət göstərir. Azərbaycana birbaşa və tranzit uçuşlar da çoxsaylı beynəlxalq aviaşirkətlər tərəfindən təmin edilir. Uçuş proqramları hava yolu şirkətlərinin rəsmi saytlarında mövcuddur.

 

Dəmir yolu nəqliyyatı

Azərbaycanın bir sıra post-sovet şəhərlərinə dəmir yolu əlaqələri var. Tbilisi, Mahaçqala, Moskva, Tümen, Rostov, Xarkov və s. kimi şəhərlərdən Bakıya və Bakıdan geri qatarla səyahət edə bilərsiniz. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi bu sahədə xüsusi əhəmiyyətə malik bir yenilik oldu.

 

Avtobus nəqliyyatı

Azərbaycan Rusiya Federasiyası, Gürcüstan, Türkiyə və İran İslam Respublikası şəhərlərinə sərnişin avtobusu xidməti göstərir. Beynəlxalq sərnişin xidmətləri paytaxtın sərhədləri yaxınlığında yerləşən, avtobus və metro ilə asanlıqla əldə edilə bilən Bakı Beynəlxalq Avtobus Terminalından yola düşür.

 

Şəxsi nəqliyyat vasitəsi

Bundan başqa Siz Azərbaycan sərhədini Rusiya, Gürcüstan, İran və Türkiyə ərazisindən şəxsi nəqliyyat vasitəsilə də keçə və Odlar Yurdunu avtomobillə də səyahət edə bilərsiz.

Azərbaycan qədim mədəniyyətə və tarixə malik ölkədir. Qədim memarlıq abidələri, əsrarəngiz ibadətgahlar və məbədlər, ibtidai insanlar tərəfindən çəkilmiş mağara rəsmləri buraya gələn hər bir kəsi heyran qoyacaq və  Odlar Yurduna vurğun edəcək.

Sizi Azərbaycanda aktiv turizmin daha geniş yayılmış növləri ilə tanış edirik.

Səmada aktiv istirahət

Paraşüt. Son zamanlar paraşütlə tullanma Azərbaycanda getdikcə populyarlaşır. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası (FAIREX) çərçivəsində fəaliyyət göstərən bir neçə ixtisaslaşmış klub (“Gilavar”, “RockStone”, ”Ekoturist”) paraşütlə tullanma eyforiyasını yaşamaq istəyənlərə kömək edəcək. Onlar sizin təcrübənizdən və yerin relyefindən asılı olaraq müxtəlif tullanma növləri təklif edə bilərlər. Yeni başlayanlar üçün təkbaşına və təlimatçı ilə birgə tullanma variantları var. 

Paraşütlə tullanma əməliyyatları əsasən Bakıdan 394 kilometr məsafədə yerləşən Balakən Aviasiya Mərkəzində yerinə yetirilir. Burada tez-tez beynəlxalq yarışlar da keçirilir.

Paraplan. İdarəolunan paraşütü xatırladan paraplanla uçuş aktiv istirahət həvəskarları və romantiklər üçün heyrətamiz və həyəcanverici hədiyyə olacaq. Bu, həmçinin ətrafı quş uçuşu yüksəkliyindən görmək və lentə almaq üçün əla fürsətdir.

Təlimatçı ilə birlikdə səmaya qalxmaq daha təhlükəsizdir. FAIREX-ə daxil olan bir neçə klub paraplanla uçuş həyata keçirir. Onların arasında “Gilavar”, “RockStone”, “Climb Club” və digərləri var. Bundan başqa, bu yaxınlarda Qusardakı “Şahdağ” Turizm Mərkəzində də təlimatçı ilə birlikdə paraplanla uçuşlara başlanılıb. Siz burada quş uçuşu yüksəkliyindən valehedici dağ mənzərələrini görə bilərsiniz.

Bir qayda olaraq, uçuşun start nöqtəsi Azərbaycanın çoxsaylı təpələrindən birinin ətəyində yerləşən yüksəklikdən başlanır. Məsələn, Bakı-Şamaxı trasının 30 və 60 kilometrliyi arasındakı hissədə, Zaqatala, Qusar və başqa rayonlarda paraplanla uçuşlar yerinə yetirilir.

Peşəkar təlimatçı tərəfindən idarə olunan paraplan 20-30 dəqiqə uçduqdan sonra təyin olunmuş nöqtədə rahat eniş həyata keçirir.

Paraplanı müstəqil idarə etmək üçün sizin lisenziyanız olmalıdır. FAIREX-in klublarında müvafiq təlimlər keçirilir və onların yekununda paraplanı müstəqil idarə etmək üçün lisenziyalar verilir.

Siz, həmçinin motoparaplan – mühərriklə təchiz edilmiş və uçuş zamanı geniş manevr imkanı verən paraplanla da uça bilərsiniz.

Deltaplan. İki nəfər – sərnişin və pilot üçün nəzərdə tutulan daha bir rahat uçuş aparatıdır. Təcrübəli təlimatçı uçuşu idarə etdiyi zaman siz aşağıdakı gözəl mənzərəni seyr edə bilərsiniz. Deltaplan səmada unikal ekskursiya və quş uçuşu yüksəkliyindən əsrarəngiz Azərbaycan təbiətinə tamaşa etmək imkanı verir. Bu aktiv əyləncə növləri ilə FAIREX-in “Simurg”, “Gilavar”, “Berkut” və digər klublarında məşğul olmaq mümkündür.

Dağ xizəkçiliyi istirahəti. Bakının yerləşdiyi Abşeron yarımadasında qış mövsümü havanın temperaturunun 4-6 dərəcə isti olduğu mülayim iqlim şəraitində keçir. Azərbaycanda əsl qış istirahəti keçirmək istəyənlər isə Qusar və Qəbələ rayonlarının dağlıq ərazilərinə gedirlər. Buradakı beynəlxalq səviyyəli iki kurortda - “Şahdağ” və “Tufandağ”da qış turizmi üçün hər cür şərait yaradılıb. 

İlboyu fəaliyyət göstərən bu dağ kurortları xizək və snoubordla sürətli eniş, ətraf təpələrdə rahat gəzinti, habelə kanat yolu ilə səyahət kimi qış əyləncələrinin tam spektrini təqdim edir.

“Şahdağ” Turizm Mərkəzi

Azərbaycanda ilk dağ-xizəkçilik kurortu olan “Şahdağ” Turizm Mərkəzində qış idman növləri üzrə beynəlxalq yarışlar keçirmək, habelə ilin bütün fəsillərində istirahət etmək olar. Mərkəzin geniş ərazisində 5 otel, müxtəlif mürəkkəblik dərəcəsi olan 14 xizəkçilik trası, qaldırıcılar və kanat yolları, buz meydançası, xizəkçilik ləvazimatının kirayəsi məntəqəsi, xizəkçilik məktəbi, kafe və restoranlar, digər turizm obyektləri fəaliyyət göstərir.

“Tufandağ” Xizəkçilik Kompleksi

Qəbələ şəhərindən 4 kilometr məsafədə yerləşən “Tufandağ” Xizəkçilik Kompleksi öz imkanlarına görə “Şahdağ” Turizm Mərkəzindən heç də geri qalmır. Burada da həvəskarlar və peşəkarlar üçün nəzərdə tutulmuş çoxlu sayda xizəkçilik trası, kanat yolları, xizəkçilik məktəbi, xizəkçilik ləvazimatının kirayəsi məntəqəsi, idman malları mağazası, kafe və restoranlar, dəbdəbəli otellər fəaliyyət göstərir. “Tufandağ” Xizəkçilik Kompleksi gün ərzində 3 mindən çox insana xidmət göstərə bilər.

Atçılıq 

At yetişdirmək çox az adama müyəssər olan məşğuliyyətdir, lakin Azərbaycanda hər kəs atçılıq idmanı üzrə gücünü sınaya, yaxud sadəcə at belində gəzintiyə çıxa bilər. Atçılıq İdmanı Federasiyası ölkədə müvafiq yarışların təşkilatçısı kimi atçılıq idmanı klublarının əksəriyyətini özündə birləşdirir.

Balıq ovu

Azərbaycanın tükənməz təbii sərvətləri, o cümlədən Xəzər dənizinin, çoxsaylı çayların, göllərin və su hövzələrinin bioloji ehtiyatları ilin bütün mövsümlərində balıq ovu həvəskarları üçün əlverişli şərait yaradır.

Xəzər dənizində Pirallahı adası, Neftçala, Lənkəran, Siyəzən, Xaçmaz (Nabran) bölgələrində dəniz akvatoriyası, Mingəçevirdə Kür çayının və su anbarının, həmçinin Şəmkir su anbarının ehtiyatları balıq ovu həvəskarları üçün əlverişli yerlərdir. Şamaxıdakı Sakit Göldə yerləşən özəl təsərrüfatlar da balıq tutmaq üçün münasibdir. Oğuzdakı Xal-Xal şəlaləsi xüsusi olaraq qeyd edilməlidir. Həmçinin Mingəçevir şəhərinin mərkəzindəki körpüdə balıq tutmaqla yanaşı, Kür çayında da ayrıca balıq ovu etmək olar.

Ovçuluq

Zəngin və bərəkətli Azərbaycanın faunasına daxil olan vəhşi heyvanlar və quşlar, o cümlədən endemiklər (Qafqaz turu) əla ov obyektləridir.

Qeyd edək ki, ölkə ərazisində ova çıxmağa yalnız Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qərarı əsasında ov mövsümündə bunun üçün müəyyən edilmiş xüsusi yerlərdə, həmçinin bölgələrdəki ovçuluq təsərrüfatlarında icazə verilir. Azərbaycanda mövsümündən asılı olaraq Qafqaz (Dağıstan) turu, qaban, yenot, tülkü, çaqqal, qunduz və quşların ovlanması geniş yayılıb.

Ölkənin Şamaxı, Şəki, Oğuz, Qax, İmişli, Quba, İsmayıllı və digər rayonları ovçuluq üçün əlverişlidir.

XX yüzilliyin sonunda yenidən müstəqilliyinə qovuşan Azərbaycan xalqı qədim və zəngin dövlətçilik tarixinə malikdir.

Tarixi Azərbaycan torpaqları müasir sivilizasiyanın inkişafa başladığı ən qədim mədəniyyət mərkəzlərindən biridir. Azıx, Tağlar, Damcılı, Daşsalahlı, Qazma mağaralarında, habelə başqa abidələrdə aşkar olunan arxeoloji tapıntılar, o cümlədən 300-400 min il bundan əvvəl yaşamış qədim insanın - Azıx adamının (Azıxantrop) çənə sümüyü bu diyarın dünyanın ən qədim insan məskənlərindən biri olduğunu sübut edir.

Azərbaycanlılar həm də dünyanın ən qədim dövlətçilik ənənələrinə malik olan xalqlarındandır. Tarixi Azərbaycan torpaqlarında dövlətçilik ənənələrinin təqribən 5 min illik tarixi var. Azərbaycan ərazisində ilk dövlət qurumları və ya etnik-siyasi birliklər hələ eramızdan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəllərindən başlayaraq yaranıb.

Eramızdan əvvəl I minilliyin və bizim eranın I minilliyinin əvvəllərində Azərbaycan torpaqlarında Manna, Midiya, Atropatena və Albaniya kimi qüvvətli dövlətlər mövcud olub.

Manna dövləti yalnız Azərbaycanın deyil, eləcə də dünyanın dövlətçilik mədəniyyəti tarixində mühüm yer tutur. Manna bütün regionda baş verən hərbi-siyasi hadisələrdə yaxından iştirak edir, Azərbaycan torpaqlarını ələ keçirməyə çalışan qüvvətli qonşularına - Aşşur və Urartu dövlətlərinə qarşı mübarizə aparırdı.

Eramızdan əvvəl VIII əsrin sonu - VII əsrin əvvəllərindən başlayaraq Azərbaycanın hərbi-siyasi tarixində kimmerlər və iskitlər, həmçinin iskitlərlə eyni kökdən olan saklar və massagetlər mühüm rol oynamağa başladılar.

Sonrakı dövrlərdə nə Əhəməni-İran imperiyasının uzun sürən işğal rejimi, nə də Makedoniyalı İsgəndərin yürüşləri Azərbaycanın qədim dövlət idarəçiliyi mədəniyyətini məhv edə bilməyib. Makedoniyalı İsgəndərin ölümündən dərhal sonra Azərbaycan dövlətçiliyi yenidən dirçəlib. Ölkəmizin cənub torpaqlarında Atropatena, şimalında isə Albaniya dövlətləri meydana gəlib.

Eramızın əvvəllərində ölkəmiz öz tarixinin ən ağır sınaq dövrlərindən biri ilə qarşılaşdı: III əsrdə Azərbaycanı Sasani-İran imperiyası, VII əsrdə isə Ərəb xilafəti işğal etdi. İşğalçılar ölkəyə çoxsaylı irandilli və ərəb mənşəli əhali köçürdülər. Gəlmə əhali mühüm hərbi-strateji əhəmiyyətə malik olan məntəqələrdə və ən məhsuldar torpaqlarda yerləşdirildi, onlara geniş imtiyazlar verildi. Lakin bütün bunlar Azərbaycanın qədim dövlətçilik ənənələrini məhv edə bilmədi və Azərbaycan xalqının təşəkkülü prosesi davam etdi. Uzun tarixi dövr ərzində Azərbaycanın bütöv halda həmin imperiyaların tərkibində olması nəticəsində ölkənin bütün bölgələri arasında daxili əlaqələr, ilk növbədə, ticarət əlaqələri genişləndi. Azərbaycanın şimal və cənub, şərq və qərb bölgələri arasında etnik-siyasi və mədəni birliyin yaranması yolunda mühüm irəliləyiş baş verdi.

Xilafət dağıldıqdan sonra - IX əsrin ortalarından Azərbaycanın qədim dövlətçilik ənənələri yenidən dirçəldi: Azərbaycan torpaqlarında Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər dövlətləri yarandı. Siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində oyanış baş verdi. 600 ilə qədər davam edən sasani və ərəb əsarətindən sonra yerli dövlətlərin yaranması, İslam dininin bütün ölkə ərazisində yayılması Azərbaycanın sonrakı inkişafında mühüm rol oynadı. Lakin Ərəb xilafətinin tənəzzülündən sonra yaranmış dövlətlərdən heç biri uzun tarixi dövr ərzində Azərbaycanın bütün ərazisini əhatə edən vahid, davamlı, qüdrətli dövlətə çevrilə bilmədi və davamlı siyasi sabitlik təmin olunmadı. Azərbaycan Orta Asiyadan Aralıq dənizi sahillərinə və Dərbənd keçidindən İran körfəzinə qədər geniş əraziləri əhatə edən Böyük Səlcuq imperatorluğunun tərkibinə daxil edildi.

Böyük Səlcuq imperatorluğunun süqutundan sonra qüvvətlənən Şirvanşahlar və Eldənizlər dövlətləri Azərbaycan xalqının dövlətçilik ənənələrinin davam etdirilməsində və daha da yüksəlişində mühüm rol oynadılar. Yaxın və Orta Şərqin ən qüdrətli dövlətinə çevrilən Azərbaycan Eldənizlər dövləti xalqımızın etnik-siyasi tarixində xüsusi çəkiyə malikdir. Azərbaycan intibahı özünün Xaqani, Nizami, Əcəmi zirvəsinə ucaldı.

XV-XVIII əsrlərdə Azərbaycanın dövlətçilik mədəniyyəti daha da zənginləşdi. Bu dövrdə Şərqin geniş ərazili Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövlətləri bilavasitə Azərbaycan sülalələri tərəfindən idarə olunurdu. Bu mühüm amil dövlətin daxili və beynəlxalq əlaqələrinə müsbət təsir göstərir, onun hərbi-siyasi təsir dairəsini, Azərbaycan dilinin fəaliyyət meydanını genişləndirir, xalqın maddi və mənəvi mədəniyyətinin daha da inkişaf etməsinə əlverişli şərait yaradırdı.

XV əsrin sonu - XVI əsrin əvvəllərində Azərbaycan dövlətçiliyi özünün tarixi təkamülündə yeni mərhələyə qədəm qoydu. Uzun Həsənin nəvəsi, görkəmli dövlət xadimi Şah İsmayıl Xətai bütün Azərbaycan torpaqlarını öz hakimiyyəti altında birləşdirə bildi. Paytaxtı Təbriz şəhəri olan vahid, mərkəzləşdirilmiş Azərbaycan dövləti - Səfəvi dövləti meydana gəldi. Səfəvilərin hakimiyyəti dövründə Azərbaycanın dövlət idarəçiliyi mədəniyyəti daha da yüksəldi. Şah İsmayıl, Şah Təhmasib, Şah Abbas və digər Səfəvi hökmdarlarının fəaliyyəti, uğurlu daxili və xarici siyasəti nəticəsində Səfəvi dövləti qısa müddətdən sonra Yaxın və Orta Şərqin ən qüdrətli imperiyalarından birinə çevrildi.

Səfəvi dövlətinin süqutundan sonra hakimiyyətə gələn görkəmli Azərbaycan sərkərdəsi Nadir şah (1736-1747) keçmiş Səfəvi imperiyasının sərhədlərini daha da genişləndirdi. Bu böyük hökmdar 1739-cu ildə Dehli də daxil olmaqla, Şimali Hindistanı ələ keçirdi. Lakin onun bu geniş ərazidə qüdrətli mərkəzləşdirilmiş dövlət yaratmaq planları baş tutmadı. Nadir şahın ölümündən sonra onun idarə etdiyi geniş ərazili imperiya süquta uğradı.

Beləliklə, XVIII əsrin ikinci yarısında Azərbaycan xırda dövlətlərə - xanlıqlara və sultanlıqlara parçalandı. Ölkənin hərbi-siyasi tənəzzül dövrü başlandı. Azərbaycanın qədim dövlətçilik ənənələrini yaşatmağa çalışan ayrı-ayrı xanlar bütün ölkəni yenidən vahid dövlət çərçivəsində birləşdirməyə çalışsalar da, bu, heç bir nəticə vermədi. Siyasi pərakəndəlik daha da dərinləşdi. Bununla da Azərbaycanı işğal etməyə çalışan yadelli təcavüzkarların əlinə çox əlverişli fürsət düşdü.

Azərbaycan iki böyük dövlət arasında qanlı müharibələr meydanına çevrildi. Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə əsasən Azərbaycan torpaqları iki imperiya arasında bölüşdürüldü: Azərbaycanın şimalı Rusiyaya, cənubu isə Qacarların idarə etdiyi İran şahlığına qatıldı.

Buna baxmayaraq, vətənpərvər insanların, görkəmli ziyalıların fəaliyyəti sayəsində Azərbaycan xalqının mənəvi inkişafı təmin edildi, onun tarixi yaddaşı, milli mədəniyyəti qorunub saxlandı.

Azərbaycan maarifçilik hərəkatı tariximizin ən vacib dövrlərindən birini təşkil etdi. Bu mərhələnin Azərbaycan xalqının mədəni və siyasi dirçəlişindəki rolu əvəzsizdir.

Birinci Respublika: Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920)

1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik parlament respublikası – Azərbaycan Xalq Cümhuriyyəti elan edildi. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. Azərbaycanda müstəqil, demokratik dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi, ilk parlament və hökumət, dövlət aparatı, idarəetmə institutları formalaşdırıldı, ölkənin sərhədləri müəyyənləşdirildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, ərazi bütövlüyü və milli təhlükəsizliyin təmin edilməsi üçün mühüm işlər görüldü, dövlət bayrağı, himni və gerbi qəbul edildi, ana dili dövlət dili elan olundu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi və xalqın, milli dövlətçiliyin sonrakı illərdə hərtərəfli inkişafı üçün müstəsna əhəmiyyət kəsb edən digər mühüm məsələlərin həlli istiqamətində məqsədyönlü addımlar atıldı.

Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Şərqdə ilk dəfə və bəzi Avropa ölkələrindən xeyli əvvəl Azərbaycanda qadınlara seçki hüququ verildi.

Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyətinin ilk qərarlarından biri olduqca mürəkkəb tarixi şəraitdə - erməni hərbi birləşmələrinin azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti və özlərinə dövlət qurmaq üçün torpaq iddiaları irəli sürməsi şəraitində, Batumi danışıqları nəticəsində əldə edilmiş kompromis varianta əsasən İrəvanın paytaxt kimi Ermənistana verilməsi oldu. Bu böyük tarixi səhv Azərbaycan xalqının həyatında növbəti faciələrə və ermənilərin davamlı ekspansiyasına yol açdı.

1918-ci il dekabrın 7-də saat 13:00-da H.Z.Tağıyevin qızlar məktəbinin binasında (hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun yerləşdiyi bina) Azərbaycan Parlamentinin təntənəli açılışı oldu. Bu, bütün Müsəlman Şərqində o dövrün ən mütərəqqi, demokratik prinsipləri əsasında formalaşdırılmış ilk qanunverici orqan idi. Cümhuriyyət parlamentinin ilyarımlıq fəaliyyəti dövründə qəbul etdiyi qanunlar milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə, siyasi və iqtisadi inkişafa, mədəniyyət və maarif sahələrində sürətli irəliləyişə imkan verdi.

Azərbaycan Xalq Cümhuriyyəti daim sülhsevər siyasət apararaq bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa və bir-birinin hüquqlarına hörmət prinsipləri əsasında münasibətlər qurmağa cəhd göstərirdi. Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində Azərbaycanın beynəlxalq hüququn subyektinə çevrilməsi 1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra onun bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.

İkinci Respublika: Azərbaycan sovet hakimiyyəti illərində (1920-1991)

1920-ci il aprelin 28-də Azərbaycan bolşevik Rusiyası tərəfindən işğal edildi. Sovet hakimiyyəti dövründə Azərbaycan dövlətçiliyi çətin sınaqlar qarşısında qaldı. 1920-1922-ci illərdə Azərbaycanın artıq beynəlxalq birlik tərəfindən de-fakto tanınmış müstəqilliyi formal olaraq qismən qorunub saxlandı. 1922-ci ilin martında Cənubi Qafqazın üç respublikası (Azərbaycan, Gürcüstan, Ermənistan) vahid dövlət - Zaqafqaziya Sovet Sosialist Respublikaları Federativ İttifaqı (ZSSRFİ) çərçivəsində birləşdirildi və bununla da formal müstəqillik tam aradan qaldırıldı.

Sovet İttifaqı dövründə Zəngəzur, Göyçə, Naxçıvanın bir hissəsi və digər rayonlar Azərbaycandan alınaraq Ermənistana birləşdirildi. Nəticədə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə 114 min kvadratkilometrə bərabər olan ölkə ərazisi 86,6 min kvadratkilometrə qədər azaldıldı. Bundan başqa, 1923-cü il iyulun 7-də bolşevik liderlərin təşəbbüsü ilə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. Bu qərar Dağlıq Qarabağın Azərbaycan ərazisindən ayrılması istiqamətində atılmış birinci addım oldu.

Azərbaycanda sovet hakimiyyətinə qarşı müqavimət qəddarcasına, sürgünlərlə, repressiyalarla cavablandırıldı. 1937-ci il repressiyaları zamanı sovet hakimiyyəti ilə barışmayan Azərbaycan xalqının görkəmli ziyalılarının əksəriyyəti müxtəlif bəhanələrlə həbs edildi, Sibirə, Qazaxıstan çöllərinə sürgün edildi, bir çoxu güllələndi.

Azərbaycan xalqı II Dünya müharibəsi illərində böyük fədakarlıq göstərdi, Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçdilər. Bakı nefti faşizm üzərində qələbənin əldə olunmasında mühüm rol oynadı.

1969-cu il iyulun 14-də Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsi Azərbaycanın qarşısında duran bir çox taleyüklü suallara aydın cavablar tapılması və onların ardıcıllıqla həll edilməsi baxımından tarixi hadisə oldu.

1970-1980-ci illərin əvvəllərində respublika iqtisadiyyatının inkişaf etdirilməsi məqsədilə həyata keçirilən genişmiqyaslı tədbirlər, o cümlədən çoxsaylı sənaye müəssisələrinin, həmin dövr üçün ən müasir texnologiyalara əsaslanan istehsal sahələrinin yaradılması iqtisadi infrastrukturu köklü surətdə dəyişdirdi, onun aqrar respublikadan daha çox sənaye yönümlü respublikaya çevrilməsinə zəmin hazırladı.

Beləliklə, bütün məhrumiyyətlərə baxmayaraq, sovet hakimiyyəti illərində, xüsusilə 1969-1982-ci illərdə əldə olunmuş nəhəng potensial XX əsrin sonunda yenidən müstəqilliyinə qovuşmuş dövlətimiz üçün çox gərəkli oldu.

Üçüncü Respublika: Azərbaycan Respublikası

1991-ci il oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyinə qovuşarkən özünü Xalq Cümhuriyyətinin siyasi və hüquqi varisi elan etdi və qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi. Az müddət sonra Azərbaycan Xalq Cümhuriyyəti dövrünün dövlət rəmzləri bərpa edildi.

Xalqın iradəsi ilə müstəqilliyini elan etmiş Azərbaycan Respublikası çox mürəkkəb şəraitdə fəaliyyət göstərməyə başladı. Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişlənməsi, hakimiyyət uğrunda daxili çəkişmələr, iqtisadiyyatın çökməsi ölkəni xeyli zəiflətdi.

Bu vaxta qədər açıq ərazi iddiaları səsləndirən Ermənistan Azərbaycana qarşı müharibə elan etmədən hərbi əməliyyatlara başlayıb. Hərbi kampaniya dövründə erməni ordusu hərbi və mülki şəxslər arasında heç bir fərq qoymadan işğal etdikləri rayon və şəhərlərdə dinc azərbaycanlı əhalini amansızlıqla qətlə yetirib. Azərbaycanlılar həm etnik təmizləməyə, həm də əsl soyqırımına məruz qalıblar. Ermənistan silahlı qüvvələri beynəlxalq humanitar hüququn bütün prinsip və normalarına zidd olaraq, mülki əhalini məqsədyönlü şəkildə əsas hədəf kimi seçib. 1994-cü il mayın 12-də atəşkəsə dair razılıq əldə olundu. Bu vaxta qədər Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının 20 faiz ərazisi – Xankəndi şəhəri, Xocalı, Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları, həmçinin Tərtər rayonunun 13, Qazax rayonunun 7, Naxçıvanın Sədərək rayonunun isə 1 kəndi Ermənistan ordusu tərəfindən işğal olunmuşdu. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində 1 milyondan artıq azərbaycanlı məcburi köçkün vəziyyətinə düşüb, 20 min nəfər hərbi əməliyyatlar dövründə həlak olub, 50 min nəfər əlil olub. Münaqişə nəticəsində 4 minə yaxın azərbaycanlı itkin düşüb, onların arasında 67 uşaq, 265 qadın, 326 qoca olub. Bu şəxslərin aqibəti barədə hələ də məlumat yoxdur. İki mindən çox azərbaycanlı ermənilər tərəfindən əsir və girov götürülüb. 1988-1993-cü illərdə Qarabağda, ümumilikdə, 900 yaşayış məntəqəsi, 150 min ev, 7 min ictimai bina, 693 məktəb, 855 uşaq bağçası, 695 tibb müəssisəsi, 927 kitabxana, 44 məbəd, 9 məscid, 473 tarixi abidə, saray və muzeylər, 40 min muzey eksponatı, 6 min sənaye və kənd təsərrüfatı müəssisəsi, 160 körpü və digər infrastruktur obyektləri dağıdılıb.

1993-cü ildə xalqın tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra vəziyyət dəyişməyə başladı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Həmin gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Milli Məclis iyunun 23-də prezident səlahiyyətlərini Ali Sovetin sədri Heydər Əliyevə həvalə etdi.

Xalq öz rəhbəri Heydər Əliyevin ətrafında daha sıx birləşdi. 1993-cü il oktyabrın 3-də Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Müstəqil dövlət quruculuğu, onun təhlükəsizliyinin, ərazi bütövlüyünün təmin edilməsi, iqtisadiyyatın bərpa olunması, demokratik inkişaf, Azərbaycanın beynəlxalq əlaqələrinin qurulması və dünya birliyinə inteqrasiyası Heydər Əliyevin milli inkişaf strategiyasının başlıca konturlarını təşkil etdi.

Məhz Heydər Əliyevin xilaskarlıq missiyası sayəsində Azərbaycan Respublikasının dövlət müstəqilliyi qorunub saxlanıldı və ümummilli liderin hakimiyyətdə olduğu 1993-2003-cü illər Azərbaycan tarixinə dərin islahatlar dövrü kimi daxil oldu.

2003-cü ildən ümummilli lider Heydər Əliyevin siyasi xətti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Məhz bu mərhələdə enerji resurslarının ixracından əldə olunan gəlirlərin xüsusi bir qismi iqtisadiyyatın şaxələndirilməsinə, qeyri-neft sektorunun inkişafına, cəmiyyət həyatının bütün sahələrinin yeniləşdirilməsi və müasirləşdirilməsinə yönəldildi.

Bu gün Azərbaycanda nəhəng enerji layihələri yerinə yetirilməkdədir. Xəzər dənizinin Azərbaycana aid olan hissəsində neft və qaz layihələri uğurla həyata keçirilir. Azərbaycan Xəzər dənizinin nəhəng enerji potensialını ilk mənimsəyən və regionun inkişafında keyfiyyətcə yeni iqtisadi modeli formalaşdıran, Avropa və Asiya arasında siyasi və ticarət əlaqələrinin genişləndirilməsində, Qafqaz nəqliyyat dəhlizinin inkişafında, nəhəng layihələrin gerçəkləşməsində Xəzəryanı və Qafqaz regionunda mühüm rol oynayan bir dövlətə çevrilmişdir.

Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı özünün tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr edir. Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycan multikulturalizmin və tolerantlığın bərqərar olduğu diyar kimi dünyada nümunədir. Azərbaycan xalqının bədii təfəkkür və yaradıcılığına ölkənin gözəl təbiəti, iqlimi, təbii sərvətlərinin zənginliyi də böyük təsir göstərmişdir. Ölkəmizin müxtəlif sənət növlərinin hər biri ayrı ayrılıqda uzun və mürəkkəb inkişaf yolu keçməsinə baxmayaraq, birlikdə vəhdət təşkil edərək Azərbaycan incəsənəti və mədəniyyəti haqqında tam təsəvvür yaratmağa geniş imkan verir. Azərbaycan incəsənəti ölkəmizin təbiəti kimi rəngarəng, dolğun və zəngindir.
Azərbaycan xalqının zəngin yaradıcılıq çeşməsində ən mühüm yerlərdən birini onun həyat və məişəti, gündəlik güzəranı ilə bağlı olan xalq sənətləri tutur. Ən qədim dövrlərdən zəmanəmizədək davam edən bu sənət növü xalqın geyimindən tutmuş müxtəlif təsərrüfat məmulatı və bəzəyinə qədər böyük bir sahəni əhatə edir.

Təbiidir ki, xalqımızın məişət xüsusiyyətləri, estetik zövqü, bir sözlə milli siması, mənliyi bu sənət növündə özünü xüsusilə parlaq şəkildə büruzə verəcəkdi. Əbəs yerə olmayaraq indi dünyanın ən zəngin muzeylərində Azərbaycan xalq sənətkarlığının bir çox gözəl nümunələri ilə rastlaşmaq olur. Londonun Viktoriya və Albert, Parisin Luvr, Vaşinqtonun Metropoliten, Vyananın, Romanın, Berlinin, İstanbulun, Tehranın, Qahirənin zəngin muzey kolleksiyalarına baxarkən orada Təbriz, Naxçıvan, Gəncə, Qazax, Quba, Bakı, Şəki, Şamaxı və Qarabağ ustalarının bacarıqlı əlləri ilə yaradılmış sənət nümunələrini görmək olar.
Xalqımızın əməyi sayəsində yaranıb onun həyat və məişətində geniş istifadə edilən el sənətimizin böyük və zəngin bir tarixi var. Naxçıvan, Mingəçevir, Gədəbəy, Qazax, Gəncə və s. yerlərdən əldə edilmiş metaldan düzəldilmiş sənət əsərlərinin yaşı 5000 ilə yaxındır. Bu ərazilərdən tapılmış qab-qacaq, silah və bəzək nümunələri tək bir tarixi fakt kimi deyil, həm də onu yaradan sənətkarın ustalıq bacarığından məlumat verən qiymətli mənbədir.

Azərbaycan ərazisində qazıntılar zamanı tapılmış maddi-mədəniyyət nümunələri göstərir ki, əcdadlarımız hələ eramızdan əvvəl II minillikdə tuncdan zərif formalı qablar, xəncərlər, baltalar, kəmərlər və s. zinət şeyləri düzəldib öz həyat və məişətində istifadə edirlərmiş. Bunlar isə misgərlik və zərgərlik kimi sənət növlərinin qədimliyindən xəbər verir. Metaldan düzəldilmiş sənət nümunələri içərisində elələri vardır ki, onların üzərində olan bəzək və təsvirlərlə biz o dövrdəki insanların adət-ənənələri, dini görüşləri və hətta geyimləri ilə yaxından tanış ola bilərik.
Xalq yaradıcılığının tarixi, etnoqrafik və bədii xusüsiyyətləri öz əksini geyimlərdə tapır. Bu xüsusiyyət həm müəyyən formalı geyim və onun bəzəklərində və həm də bədii tikmə, toxuma və toxuculuqda özünü büruzə verir.

Azərbaycanda aparılan arxeoloji qazıntılar zamanı tunc dövrünün əvvəllərinə aid (eradan əvvəl III minillik) tuncdan hazırlanmış iynə və biz tapılmışdır. Bu tapıntılar sübut edir ki, Azərbaycanın qədim sakinləri özlərinə paltar tikməyi bacarırdılar. Kültəpədən və Mingəçevirdən (eradan əvvəl II minillik) tapılmış gildən kiçik heykəllər və Mingəçevirdən tapılmış e.ə. V əsrə aid möhür-barmaqçıllar o dövrün geyimləri haqqında müəyyən təsəvvür yaratmağa imkan verir. Eramızın V-VI əsrlərinə aid olan Mingəçevir katakomba qəbirlərindən isə müxtəlif ipək parçalardan tikilmiş geyimlərin qalıqları tapılmışdır. E.ə. III-IV əsrlərə aid qızıldan hazırlanmış çoxlu miqdarda bəzək şeyləri və gildən ayaqqabı formasında qayrılmış qabların tapılması azərbaycanlıların hələ çox qədim zamanlardan yüksək maddi mədəniyyətə malik olduqlarını sübut edən əsaslı dəlillərdəndir.

Misdən, tuncdan, qızıldan düzəldilmiş ev avadanlığının və zinət əşyalarının üzərinə həkk olunmuş müxtəlif rəsmlər Azərbaycanda hələ qədim zamanlarda təsviri sənətin mövcud olduğunu sübut edir.

Müxtəlif dövrlərdə Azərbaycanın ayrı-ayrı xalçaçılıq məktəblərində (Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ, Təbriz) toxunulmuş xalçalar bu günədək öz gözəlliyi ilə insanları valeh edir. Onların bir çoxu dünyanın məşhur muzeylərində mühafizə olunur.

Təsviri sənətin ən qədim nümunələri arasında e.ə. VIII-V əsrlərdən qalmış Qobustan qaya təsvirləri, Kəlbəcər rayonunun Zalxa gölü ətrafında Ayıçınqılı və Pəriçınqıl dağlarındakı tunc dövrünün başlanğıcına (e.ə. 3-cü minillik) aid rəsmlər, Ordubad şəhərindən şimalda Gəmiqaya dağlarındakı qayaüstü təsvirlər müstəsna əhəmiyyətə malikdir. Qobustan qayalarında həkk olunmuş rəsmlərdə, orada yaşamış qədim insanların həyat tərzi, məişəti, əməyi ilə əlaqədar təsvirlər xüsusi maraq doğurur. Burada ovçuluq, maldarlıq, əkinçilik və məişətin digər sahələri ilə bağlı müxtəlif süjetlər, səhnələr, insan və heyvan təsvirləri dinamik tərzdə həkk olunmuşdur. Qobustan qaya rəsmləri - piktoqramlar ibtidai icma quruluşundan feodalizm mərhələsinə kimi çoxəsrlik, uzun tarixi dövrü əhatə edir. Qobustan qayaüstü təsvirləri arasında "Yallı" (rəqs) oynayan insanların təsviri xüsusi maraq doğurur. Bu təsvirlər Azərbaycan xalqının qədim dövrlərdən musiqiyə olan marağından xəbər verir.

Azərbaycan qədim zamanlardan bəri təsviri sənət əsərləri ilə yanaşı, xalq sənətinin bir qolu olan memarlıq əsərləri ilə də zəngindir. Bakıdakı Qız qalası və Şirvanşahlar sarayı kompleksi, memar Əcəminin Naxçıvanda yaratdığı Möminə xatın və Yusif ibn Küseyir türbələri, Şuşadakı Pənahəli xanın sarayı, Natəvanın evi, Şəki xanları sarayının divarındakı rəsmlər və s. memarlıq sənətinin nadir inciləridir.

Zəngin mədəni irsə malik olan Azərbaycan xalqının Vətəni Odlar yurdu, eyni zamanda sehrkar musiqi diyarı kimi də məşhurdur. Dünya musiqi mədəniyyəti xəzinəsini öz nadir inciləri ilə zənginləşdirən Azərbaycan musiqisinin çoxəsrlik ənənələri vardır. Bu ənənələri nəsldən-nəslə yaşadaraq böyük və zəngin bir irs yaradan xalq musiqi yaradıcılarının Azərbaycan musiqisinin inkişafında böyük xidmətləri olmuşdur.
Azərbaycan milli musiqi sənətində xalq mahnıları, rəqslər, aşıq yaradıcılığı da özünəməxsus yer tutur.

Azərbaycan milli musiqisinin təməl daşı, onun bünövrəsini muğamlar təşkil edir. Təsadüfi deyildir ki, 2003-cü BMT-nin ixtisaslaşmış olan təşkilatı YUNESKO Azərbaycan muğamını bəşəriyyətin mədəni irs siyahısına daxil etmişdir.

Qədim zamanlardan milli musiqimiz ədəbiyyatla birgə inkişaf etmişdir. Məsələn, muğam Şərq poeziyası ilə birgə inkişaf etmişdir. Belə ki, muğam ifa olunarkən xanəndələr Azərbaycan xalqının Nizami, Xaqani, Füzuli, Nəsimi kimi qüdrətli şairlərinin qəzəllərini oxumuşlar.

Klassiklərimizin və müasirlərimizin yaratdıqları ədəbi əsərlər dünya mədəniyyəti xəzinəsində özünəməxsus şərəfli yer tutur.

Azərbaycan ədəbiyyatı ilə sıx bağlı olan sənət növlərindən biri də teatr sənətidir. Azərbaycanda teatr sənətinin kökləri xalqın fəaliyyəti, məişəti, şənlik və toy ənənələri, həmçinin dünyagörüşü ilə bağlıdır. Mərasim, ayin və oyunlardakı tamaşa elementləri müstəqil xalq teatrının yaranmasında mühüm rol oynamışdır. Azərbaycan xalq teatrı realist özəllik daşımış və əməkçi təbəqələrlə bağlı olmuşdur. Xalq teatrının repertuarını müəyyən etik məzmunlu kiçik tamaşalar təşkil etmişdir. Azərbaycan professional teatrının təşəkkülündə xalq teatrı əhəmiyyətli rol oynamışdır.

Kökləri qədim zamanlara gedib çıxan teatr sənətinin tarixi M.F.Axundovun 1873-cü ilin mart və aprel aylarında Bakıda səhnəyə qoyulan "Lənkəran xanının vəziri" və "Hacı Qara" tamaşalarından başlanır.
Mürəkkəb inkişaf yolu keçmiş Azərbaycan teatrının reperturı bu gün daha genişlənib. Tamaşaçıların zövqünü oxşayan müxtəlif tamaşaları bu gün Azərbaycanda fəaliyyət göstərən Akademik Milli Dram Teatrında, Bələdiyyə teatrında, Pantomim teatrında, Gənc tamaşaçılar teatrında və digər teatrlarda seyr etmək mümkündür. Müasir dövrümüzün ən maraqlı və ən populyar incəsənət növü hesab edilən kino xalqımızın həyatına nüfuz etmiş və onun ayrılmaz hissəsinə çevrilmişdir. Digər sənət növlərinə nisbətən yeni olan kinematoqrafiya tamaşaçı qarşısında insan qəlbinin dərinliklərini və yeni həyat üfüqlərini açıb göstərir. Milli kinomuz ildən-ilə zəngin təcrübə toplamış, xalqımızın həyatını və problemlərini əks etdirən müxtəlif növ və janrda xeyli əsər yaradılmışdır. Bu filmlər gələcək nəsillər üçün saxlanılmış, xalqımızın mənəvi sərvətinə çevrilmişdir.

Azərbaycan Mətbəxi

Milli mətbəximiz son dərəcə zəngindir. Azərbaycan mətbəxində 2000-ə yaxın xörək məlumdur. Misal üçün, plovun 200 növü, dolmanın 20-i növü, lülə kababın 20-i növü mövcuddur.

Dolma, küftə, düşbərə, bozartma, xəngəl, ləvəngi, piti, qayğanaq, kükü, çığırtma, kətə, suyuq, dovğa, əcəb-sandal  və s. günü bu gün də yemək masalarına bəzəkdir. Azərbaycanın süd mətbəxi son dərəcə geniş çeşiddə və zəngindir. Dovğa, doğramac, ayran aşı, südlü sıyıq və digər xörəklər hələ qədimlərdən bizim mətbəxi zənginləşdirmişdir.

Azərbaycanlılar çörəyə: yuxa, fətir, lavaş, xamralı, təndir çörəyi və s. müxtəlif formalı, qalınlıqda və hazırlanma üsuluna görə fərqli çörəklərə - bizim masaların başlıca sərvətinə xüsusi həssaslıq və hörmətlə yanaşırlar. Əgər süfrəyə çörək gəlibsə, azərbaycanlılar ona hörmət əlaməti olaraq birinci əllərini çörəyə uzadırlar, hesab edirlər ki, çörək hər şeydən irəlidir. Çörəyə and içirlər.

Azərbaycan mətbəxində xəmir xörəkləri, şirniyyat, qənnadı məmulatları, halva xüsusi yer tutur. Ölkədə böyük miqdarda bal və meyvə şirələrinin bişirilməsindən alınan doşablar da şirin süfrənin rəngarəngliyinə rəvac verir. "Paxlava", "şəkərbura", "sucuq", "peşmək", "quymaq", "qatlama", "yuxa halvası" və s. bizim evdar xanımların və ustaların fəxridir.

Şirniyyat əsasının (bal, qənd, bəkməz) və meyvələrin bolluğu mətbəximizdə ləzzətli məmulatların yaradılmasına səbəb olmuşdur. Bunlar - müxtəlif mürəbbələr, kompotlar, cemlər, zoğal, heyva, gilas, əncir, qoz ləpəsi və qızıl gül ləçəklərindən hazırlanan şəkərlənmiş məmulatlardır.

Müalicəvi və pəhriz mətbəxi Azərbaycan kulinariyasında xüsusi yer tutur.

"Umac", "xaş", "hörrə", "quymaq" və s. kimi bir sıra xörəklərdən qədim zamanlardan bəri müxtəlif xəstəliklərdə müalicə faktoru kimi istifadə olunur.

Azərbaycan mətbəxinin gündəlik yüngül qəlyanaltı yeməkləri arasında "yaxma" (açıq buterbrod), "dürmək" (nazik çörəyə - yuxaya və ya lavaşa bükülmüş, digər çörək növlərinin arasını yarmaqla doldurulmuş yağ, pendir və s.) göstərmək olar. Dürməyi həm soyuq, həm də isti halda süfrəyə verirlər.

Qəlyanaltılar arasında "məzə"ləri - salatları da qeyd etmək gərəkdir.
Yeməyin sonunda "çərəz" (meyvələr, quru meyvələr, qoz, fındıq və s.) və şirin yeməklər verilir.

Balıq yeməklərini bütöv balıqdan, onun iri və xırda tikələrindən, eləcə də balıq farşından hazırlayırlar. Qara, qırmızı və sıxılmış balıq kürülərindən geniş istifadə olunur. Balıqla bir yerdə narşərab (nar şirəsindən bişirilmiş sous) və ya narşərab əsasında sous verilir.

Mətbəximizin növ müxtəlifliyi ilə zəngin hissələrindən biri - içkilərdir.

Çay Azərbaycan mətbəxində xüsusi yer tutur. İçkilər arasında Azərbaycanın mineral suları - "İstisu", "Badamlı", "Sirab" və s. özəl yeri var. Bizim mətbəxdə xoşablar (kompotlar) və paludlar (kisel) şirin xörəklərin deyil, içkilərin sırasına aid edilir. Lakin, təbii ki, ən yaxşı içki Azərbaycan bulaqlarının buz kimi soyuq suları hesab edilir.

Azərbaycan mətbəxində başlıcası dadlı xörəklər və ətirli içkilər deyil, gözəl meyvələr deyil, başlıcası - qonaqdır. Azərbaycanın mətbəx fəlsəfəsinin əsasında qonaq dayanır. Odur ki, xoş gəlmişsiniz, buyurun qonağımız olun.

Gənc müstəqil Azərbaycanı müasir, güclü, davamlı iqtisadi inkişafa malik dövlətə çevirmək üçün Ümummilli lider Heydər Əliyev gələcək siyasi-iqtisadi islahatların köklü transformasiyasının əsası olacaq neft strategiyasını müəyyənləşdirdi. Yeni neft strategiyası xarici sərmayədarların Azərbaycanın neft yataqlarının işlənilməsinə cəlb edilməsini, xam neftin daşıma yollarının şaxələndirilməsini, neft gəlirlərinin səmərəli idarə edilməsini və Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoymasını təmin etdi.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü il sentyabrın 20-də Azərbaycanın XX əsr tarixində siyasi, iqtisadi və strateji əhəmiyyətinə görə ən mühüm müqavilələrdən biri - Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş imzalanıb. Bu, neft strategiyasının əsasını təşkil edən, ölkənin gələcəyi üçün yeni perspektivlər açan və sonrakı illərin təcrübəsində öz layiqli tarixi qiymətini alan “Əsrin müqaviləsi”dir.

Dəyəri 7,4 milyard dollar olan “Əsrin müqaviləsi”ndə dünyanın 7 ölkəsini (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç və Səudiyyə Ərəbistanı) təmsil edən 11 beynəlxalq neft şirkəti (Amoco, BP, McDermott, UNOCAL, ARDNŞ, Lukoil, Statoil, Türkiyə Petrolları, Pennzoil, Ramco, Delta) iştirak etmişdir. Onlar tezliklə işçi strukturlar – Rəhbər Komitə, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) və Məsləhət Şurası yaratdılar. Həmin strukturlar hüquqi səlahiyyət qazandıqdan, yəni 1994-cü il dekabrın 2-də Azərbaycan Prezidenti xüsusi Fərman imzalayandan sonra fəaliyyətə başladılar. 1994-cü il dekabrın 12-də Milli Məclis “Əsrin müqaviləsi”ni ratifikasiya etdi.

İlkin hesablamalara görə, “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsində çıxarıla bilən neft ehtiyatı 511 milyon ton olsa da, sonralar yeni qiymətləndirmələrə əsasən neft ehtiyatı 1.072 milyard ton həcmində müəyyən edilib.

“Əsrin müqaviləsi”ndən sonra 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 26 saziş imzalanıb.

Bu nəhəng yataqlar blokunun istismarı üç mərhələdə nəzərdə tutulmuşdu. 1997-ci il noyabrın 7-də “Çıraq” platformasından ilk neft hasil edildi və növbəti mərhələlər uğurla həyata keçirildi. Müqavilənin müddəalarını nəzərdə tutulan müddətdə icra etmək və artan neft hasilatını beynəlxalq bazarlara daşımaq üçün yeni neft kəmərləri tikilib istifadəyə verildi:

- 1997-ci ilin sonlarında neft Bakı-Novorossiysk kəməri ilə Qara dənizə ixrac edilməyə başlanıb;

- 1999-cu ildə Qara dənizin digər limanına - Supsaya Bakıdan neft kəməri çəkilib istifadəyə verilib. 1999-cu ilin dekabrında Azərbaycan nefti ilə doldurulmuş ilk tanker dünya bazarlarına çıxarılıb;

- 2002-ci ildə Ümummilli lider Heydər Əliyevin davamlı səyləri nəticəsində “Əsrin müqaviləsi”ndə nəzərdə tutulan, lakin çoxlarının əfsanə və ya kağız üzərində kəmər hesab etdiyi əsas neft kəməri Bakı-Tbilisi-Ceyhanın təməli qoyulub. Qlobal əhəmiyyət kəsb edən kəmər Azərbaycanın enerji dəhlizinə çevrilməsi istiqamətində mühüm addım idi. 2005-ci il mayın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılış mərasimi keçirilib, 2006-cı ildə Türkiyənin Ceyhan limanından Azərbaycan neftinin nəqlinə başlanılıb.

Ümumilikdə, Azərbaycan neftinin Xəzər dənizindən dünya bazarlarına çıxarılması üçün Yer planetinin ekvatorunun uzunluğunun 1/10-i həddində neft kəmərləri tikilib: Bakı-Novorossiysk (1330 kilometr), Bakı-Supsa (833 kilometr) və Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri (1768 kilometr).

2017-ci ilə qədər Azərbaycanın dənizdəki neft ehtiyatlarının işlənilməsinə təxminən 33 milyard dollar investisiya qoyulub və “Azəri-Çıraq-Günəşli”dən 3,2 milyard barrel neft hasil edilib. Həmçinin “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan ümumilikdə 30 milyard kubmetr səmt qazı hasil edilərək Azərbaycan hökumətinə verilib.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1999-cu il dekabrın 29-da imzaladığı 240 nömrəli Fərman ilə karbohidrogen gəlirlərinin səmərəli idarə edilməsi, nəsillərarası ədalətli bölgünün təmin olunması və həmin vəsaitlərin prioritet sahələrin inkişafına yönəldilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Fondu yaradılıb. Qısa müddət ərzində dünyanın ən şəffaf fondlarından birinə çevrilən Dövlət Neft Fondu vəsaitlərin səmərəli və şəffaf idarə olunması sayəsində hazırkı və gələcək nəsillər üçün uzunmüddətli maliyyə gəlirliliyini təmin edir.

2017-ci il sentyabrın 14-də Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənilməsi və neft hasilatının pay bölgüsü haqqında yeni Saziş imzalanıb. Bununla da, “Azəri-Çıraq-Günəşli” nəhəng neft yataqları blokunun işlənilməsində yeni dövr başlanıb. Sazişi Azərbaycan hökumətinin, SOCAR-ın, BP, “Chevron”, IMPEX, “Statoil”, “ExxonMobil”, “TP”, ITOCHU və “ONGC Videsh” şirkətlərinin rəsmiləri imzalayıblar. Hasilatın Pay Bölgüsü haqqında yenidən işlənmiş və 2050-ci ilə qədər uzadılmış sazişə əsasən, BP fəaliyyətini layihənin operatoru kimi davam etdirir, SOCAR-ın payı 11 faizdən 25 faizə artırılır, mənfəət neftinin isə 75 faizi Azərbaycana qalır. Bu Sazişin ardınca SOCAR və tərəfdaşları arasında “Azəri-Çıraq-Günəşli” müqavilə ərazisi üçün əlavə bir hasilat platformasının qiymətləndirilməsi məqsədilə mühəndis-layihə işlərinin aparılması haqqında razılaşma əldə olunub.

“Yeni əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın neft strategiyasının yeni mərhələsinin əsasını qoyur. Bu, müasir Azərbaycan tarixində yeni eranın başlanması, ölkənin siyasi və iqtisadi təhlükəsizliyinə əlavə təminat, yeni investisiya qoyuluşu, ÜDM-in artımı, yeni iş yerləri və sosial rifahın yaxşılaşdırılması deməkdir.

Dünyanın ən zəngin qaz yataqlarından biri olan “Şahdəniz” keçən əsrin ortalarında azərbaycanlı geoloqlar tərəfindən kəşf edilib, lakin müvafiq texnologiyaların olmamasına görə istismarı dayandırılıb, yatağın potensial imkanları təyin edilməyib. 1996-cı ildə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin beynəlxalq neft şirkətləri ilə yaratdığı konsorsium yatağın qazla zəngin olmasını aşkar edib və nəticə gözləniləndən böyük olub. Yataqda 1,2 trilyon kubmetr qazın olması ehtimal edilir. Bu, dünyada azsaylı nəhəng qaz yataqlarından biri hesab olunur.

Sonrakı illərdə “Ümid” və “Abşeron” yataqlarının kəşfi Azərbaycanın böyük qaz ehtiyatlarına sahib olduğunu təsdiq etdi. Bununla da, Azərbaycanın təbii resurslar tarixində yeni bir səhifə açıldı.

“Şahdəniz” yatağının ikinci mərhələsinin işlənməsi üçün konsorsium üzvləri 2013-cü il dekabrın 17-də Bakıda növbəti tarixi qərara imza atdılar. İmzalanma mərasimi Heydər Əliyev Mərkəzində müxtəlif ölkələrin rəsmi nümayəndələrinin iştirakı ilə keçirildi. Müqaviləyə əsasən, layihəyə 28 milyard dollar sərmayənin cəlb edilməsi nəzərdə tutulur.

Cənub Qaz Dəhlizi ideyası Azərbaycanın iradəsi və liderliyi sayəsində reallığa çevrilməyə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü il oktyabrın 29-da imzaladığı Sərəncam ilə “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində Azərbaycanın mənafeyini qorumaq və layihə iştirakçılarına dövlət dəstəyinin təmin edilməsi məqsədilə Dövlət Komissiyası yaradılıb.

2014-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin iyirmi illiyində Səngəçalda Cənub-Şərqi Avropa ölkələrinin dövlət və hökumət başçılarının, nazirlərinin və beynəlxalq şirkətlərin rəhbərlərinin iştirakı ilə “Cənub Qaz Dəhlizi” layihəsinin təməlqoyma mərasimi keçirilib. Artıq Azərbaycan hasil etdiyi qazı qonşu dövlətlərə ixrac edir və Avropa bazarına ixraca başlamaq üçün yeni kəmərlər tikilib:

- 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri (Cənubi Qafqaz qaz boru kəməri) istifadəyə verilib və “Şahdəniz” yatağının birinci mərhələsi çərçivəsində hasil edilən qaz Gürcüstan, Türkiyə və Yunanıstana ixrac edilməyə başlanıb;

- 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə İstanbulda Azərbaycan ilə Türkiyə arasında TANAP (Trans-Anadolu təbii qaz boru kəməri) layihəsinə imza atılıb;

- 2013-cü ildə “Şahdəniz” konsorsiumu TANAP qaz kəməri ilə daşınacaq Azərbaycan qazının Avropa bazarına çatdırılması üçün Türkiyə sərhədini İtaliyanın cənubuna birləşdirən TAP (Trans-Adriatic-Pipeline) layihəsini seçib və hazırda kəmərin çəkilməsi istiqamətində işlər davam etdirilir.

Bu layihələr “Şahdəniz” yatağını İtaliyanın cənubuna birləşdirməklə “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşmasına imkan verir.

2015-ci ildən başlayaraq hər il Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşləri keçirilir və Bakı bu görüşlərə ev sahibliyi edir.

2018-ci il mayın 29-da rəsmi açılış mərasimi keçirilən Cənub Qaz Dəhlizinin önəmli hissəsi olan TANAP enerji təhlükəsizliyi məsələlərinin həlli üçün əvəzolunmaz infrastruktur layihəsidir.

2018-ci il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP - Trans-Anadolu qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilib.

2020-ci ilədək TAP layihəsi də tamamlanacaq. Beləliklə, Azərbaycanın zəngin qaz ehtiyatları Türkiyə və Avropa bazarlarına qısa və təhlükəsiz yolla, şaxələndirilmiş formada çatdırılacaq.

Azərbaycanın enerji sahəsində məqsədyönlü fəaliyyəti onu regional enerji mərkəzinə çevirir.

Bu bərəkətli, səxavətli və mehriban torpaq bir çox mütəfəkkirlərin, filosofların, alimlərin, şairlərin, memarların, müsiqiçilərin, rəssamların beşiyi olmuşdur. Rəvayətə görə, Zərdüşt bu torpaqda dünyaya göz açmışdır. Azərbaycan torpağı bəşəriyyətə Nizami Gəncəvi, Xaqani Şirvani, Bəhmənyar, Nəsimi, Füzuli, Nəsirəddin Tusi, Şah İsmayıl Xətai, Molla Pənah Vaqif, A.Bakıxanov, M.F.Axundov, M.Ə.Sabir, C.Məmmədquluzadə, Hüseyn Cavid, C.Cabbarlı, Səməd Vurğun, Lütfi- Zadə kimi dahilər bəxş etmişdir.

Doğma diyarın al-əlvan təbiəti Səttar Bəhlulzadə, Tahir Salahov, Toğrul Nərimanbəyov, Mikayıl Abdullayev və digər istedadlı fırça ustalarının boyakarlıq lövhələrində əksini tapmışdır.

Xalq musiqimiz, muğamlarımız Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Əfrasiyab Bədəlbəyli, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Arif Məlikov kimi görkəmli bəstəkarları bu gün bütün dünyada səsləndirilən əsərlər bəstələməyə ruhlandırmış, Bülbül, Rəşid Behbudov kimi sehirli, ecazkar səsə malik müğənnilərə ilham vermişdir.

Azərbaycan ilin bütün fəsillərində səfər etmək üçün gözəl ölkədir və qonaqlar ilboyu qonaqpərvərliklə qarşılanırlar. Dünyanın on bir iqlim qurşağından doqquzu Azərbaycanda yerləşir və bu da turistlərə fərqli bir təcrübə imkanı yaradır. Ancaq təbii olaraq bütün fəsillərin özünəməxsus rəngləri və xüsusiyyətləri var. Azərbaycanın gözəl təbiəti, Xəzər dənizi sahilləri, qədim tarix və mədəni ənənələrimiz buraya səyahət edənləri məmnun edəcək.

Azərbaycanda Xəzər dənizi sahilində yerləşən istirahət və əyləncə zonaları, bölgələrdə meşələrimiz və valehedici dağlarımız günəş, dəniz və qumları, piknik və meşə yolları boyunca gəzintiləri, sərin şəlalələr altında üzməyi və at sürməyi sevənlərə unudulmaz bir anlar yaşadacaqdır.

Bahar mövsümündə Azərbaycana gələn hər kəs tərəfindən zövq alınacaq  əsas və ən möhtəşəm hadisə təbiətin dirçəlişinin simvolu olan Novruz bayramıdır. 21 martdan əvvəl hər il bütün azərbaycanlılar bu qədim milli bayrama qədər dörd həftə boyunca hazırlaşırlar. Novruz bayramının bir sıra bayram adət-ənənələri və mərasimləri martın bütün dövründə qonaqların təəccüblənməsinə və sevincinə səbəb olur. Novruz bayramının Azərbaycanda keçirilməsi zamanı ailələr və dostlar bir-birinin evlərinə, hədiyyələrlə və evdə hazırlanan çoxsaylı şirniyyatlara qoşulurlar.

Qış fəsli isə Azərbaycan mətbəxinin  sürprizlərini sevənlər üçün  gözəl mövsümdür.