AZ EN RU
logo Aliyev
Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi, bərpası, Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi

Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd  təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən,  siyasi və başqa əqidələrindən asılı olmayaraq qanunvericiliyə müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul  edilə bilər.

Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə verildiyi gündən hesablanır.

Əvvəllər Azərbaycan Respublikasının vətəndaşı olmuş və ya Azərbaycan Respublikası vətəndaşlığına xitam verilmiş şəxsin vəsatəti ilə o, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin ikinci hissəsində sadalanmış məhdudiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikasının vətəndaşlığına bərpa  edilə bilər.

Azərbaycan Respublikasının vətəndaşlığından çıxma qanunvericiliklə müəyyənləşdirilmiş qaydada şəxsin vəsatəti üzrə həyata keçirilir.

Azərbaycan Respublikası vətəndaşlığına bərpa və ya vətəndaşlığına xitam verilmə  barədə Azərbaycan Respublikası ərazisində yaşayan şəxslər Dövlət Miqrasiya Xidmətinə, xarici dövlətlərdə yaşayan şəxslər isə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluq idarələri vasitəsi ilə Xarici İşlər Nazirliyinə müraciət edirlər.

Azərbaycan Respublikası vətəndaşlığına qəbul barədə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidmətinə müraciət edirlər.

Şəxs Azərbaycan Respublikası vətəndaşlığını əldə edərkən vətəndaşlığı almaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırmışsa və ya saxta  sənəd təqdim etmişsə, əldə etdiyi Azərbaycan Respublikası vətəndaşlığını itirir.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən şəxsin Azərbaycan Respublikası vətəndaşlığına qəbulu, bərpası və ya onun vətəndaşlığına xitam verilməsi barəsində müvafiq sərəncam verilir.

Regional miqrasiya idarələri