Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın fəaliyyətinin yekunlarına dair məlumat sessiyası keçirilib (13.06.2017)


Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai Şuranın iki illik fəaliyyətinin yekinlarına həsr edilən məlumat sessiyası keçirilib.

Məlumat sessiyasında ölkəmizdə yaradılmış ilk İctimai Şuralardan biri - 2015-ci ilin mayında keçirilmiş seçkilərdə formalşmış DMX yanında İctimai Şuranın miqrasiya sahəsinin müxtəlif istiqamətləri üzrə həyata keçirilən fəaliyyətinə nəzər salınıb, əldə olunmuş nəticələr qeyd olunub.

Tədbirdə çıxış edən Xidmət rəisinin müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Pərviz Musayev Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində 10 ildə böyük inkişaf yolu keçmiş DMX barədə məlumat verib. Xidmətin ictimai iştirakçılığa böyük önəm verdiyini deyib. Ötən iki il ərzində İctimai Şura ilə səmərəli əməkdaşlığı qeyd edib. Şuranın fəaliyyətinin Xidmət rəhbərliyi tərəfindən yüksək qiymətləndirildiyini bildirib.

Sonra DMX yanında İctimai Şuranın sədri Azər Allahverənov təqdimatla çıxış edib. Bildirib ki, “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na və “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, 2015-ci il iyunun 8-də yaradılmış və fəaliyyət müddəti artıq başa çatmış DMX yanında İctimai Şura təşkilati-struktur (institusional), nəzəri-konseptual və operativ-taktiki müstəvilər üzrə icra olunan vəzifələri əhatə edən strategiya əsasında fəaliyyət göstərib. Təşkilatı-struktur müstəvidə həyata keçirilən fəaliyyətlər İctimai Şuranın reqlamentinin təsdiq olunması, dövlət qurumları, beynəlxalq və yerli ictimai təşkilatlarla əlaqələrin qurulması və inkişaf etdirilməsi, Şuranın işçi orqanlarının yaradılması istiqamətlərini əhatə edib. Müvafiq icra qurumları ilə effektiv əlaqələrin qurulmasına və bu əsasda məlumat mübadiləsinin aparılmasına xüsusi diqqət yetirilib.

Nəzəri-konseptual müstəvidə həyata keçirilən fəaliyyət miqrasiya siyasətinin gücləndirilməsi, o cümlədən əcnəbiləri və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının genişləndirilməsi, onların qanuni mənafelərinin qorunması, miqrasiya proseslərinin tənzimlənməsi və miqrasiya prosesləri üzərində dövlət nəzarətinin həyata keçirilməsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə təkliflərin hazırlanması və bu səpkidə digər vəzifələri əhatə edib. Xüsusilə qeyd olunub ki, miqrasiya sahəsində həyata keçirilən siyasətin gücləndirilməsi və bu prosesdə ictimai iştirakçılığın geniş şəkildə təmin olunması məqsədilə təkliflər hazırlanıb və Xidmətin yüksək təmsilçiliyi ilə Şuranın iki il ərzində keçirdiyi 12 iclasında səmərəli müzakirələr aparılıb. İrəli sürülmüş təkliflər miqrasiya sahəsində həyata keçirilən strategiyanın inkişaf etdirilməsi, bu sahədə mövcud qanunvericiliyin təkmilləşdirilməsi və İctimai Şuranın fəaliyyətinin təkmil şəkildə qurulması istiqamətlərini əhatə edib.

Operativ-taktiki müstəvidə həyata keçirilən fəaliyyətlər bilavasitə miqrantlarla bağlı olan vəzifələri əhatə etməklə əsasən onların problemlərinin həllinə yönəlib. 157 qaçqın və sığınacaq axtaran şəxsə DMX yanında İctimai Şuranın xətti ilə Azərbaycan dili kursları təşkil edilib, 500 qaçqın ailəsinə humanitar və 138 qaçqına tibbi yardımlar göstərilib. Bununla yanaşı, təhsil problemi ilə üzləşən 300-ə yaxın miqrant uşağa köməklik göstərilib.

DMX yanında İctimai Şura ictimaiyyətlə əlaqələr məsələsinə xüsusi diqqət yetirib. Şuranın xətti ilə məlumat sessiyaları və ictimai nəzarətlə bağlı  “dəyirmi masa”lar təşkil olunub, Şura üzvlərinə istinadən 200-dən  çox mətbu orqanda material dərc olunub, facebook-da DMX yanından İctimai Şuranın rəsmi səhifəsi açılıb.

DMX yanında İctimai Şuranın üzvü Sahib Məmmədov, həmçinin tədbirdə müşahidəçi statusu ilə iştirak edən Davud Rəhimli, İlqar Orucov və digər qonaqlar Şuranın fəaliyyətinin yekunlarına həsr edilmiş məlumat sessiyasında qaldırılan məsələlərə münasibət bildirib və təkliflərini irəli sürüblər.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur