Dövlət Miqrasiya Xidməti yanında İctimai Şura üzvlüyünə seçki keçirilib (30.07.2017)


“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 816-IVQ nömrəli Qanununa, Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 yanvar tarixli 89 nömrəli Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq 30 iyun 2017-ci il tarixdə saat 11.00-dan 17.00-dək Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Bakı şəhəri, Binəqədi rayonu, 3123-cü məhəllə, Binəqədi şossesi 202 ünvanında yerləşən inzibati binasında Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti yanında İctimai Şura üzvlüyünə seçki keçirilib.

Seçkidə vətəndaş cəmiyyəti institutlarının nümayəndələri böyük fəallıq göstəriblər. Belə ki, seçki gününə 10 gün qalanadək DMX-də bərabər əsaslarla Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri kimi qeydiyyatdan keçmiş 60 təmsilçidən  54  nəfər seçici qismində səsvermədə iştirak edib.

Seçki prosesinin sonunda müvafiq qaydada möhürlənmiş seçki qutusu açılıb və səslər Komissiya üzvlərinin iştirakı ilə müşahidəçilərin nəzarəti altında hesablanıb. Səsvermənin nəticəsinə görə seçicilər tərəfindən namizədlərdən Camalov Şahin Vəkilağa oğluna 4 səs, Zeynalova Mehriban Heydərəli qızına 7 səs, Bağırov Kənan Sabir oğluna 31 səs, Dadaşova Şərqiyə Ənvər qızına 34 səs, Məmmədova Kəmalə Natiq qızına 47 səs, Kətanov Məmməd Teymur oğluna 29 səs, Məmmədov Sahib Məlik oğluna 29 səs, Allahverənov Azər Kərim oğluna 51 səs və Qədirova Arzu Əfqan qızına 39 səs verilib. Xatırladaq ki, 70 bülleten çap olunub və 54-ü istifadə edilib. Etibarsız hesab edilən bülleten olmayıb.

Qeyd edək ki, yeni formalaşdırılan Şuranın tərkibi 7 üzvdən ibarət olacaq. Beləliklə, səsvermə nəticəsində səsvermədə iştirak edənlərin yarıdan çoxunun səsini toplamış aşağıda adları qeyd olunmuş şəxslər Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvləri seçiliblər:

1. Allahverənov  Azər Kərim oğlu - “Həyat” Beynəlxalq Humanitar Təşkilatının sədri;

2. Məmmədova Kəmalə Natiq qızı - Turizmə və Milli Mətbəxin İnkişafına dəstək İctimai Birliyinin sədri;

3. Qədirova Arzu Əfqan qızı - Təkamül və İnteqrasiya Beynəlxalaq İctimai Birliyinin sədri;

4. Dadaşova Şərqiyə Ənvər qızı - Regional Gender Mərkəzi İctimai Birliyinin üzvü;

5. Bağırov Kənan Sabir oğlu - Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin üzvü;  

6. Məmmədov Sahib Məlik oğlu - Vətəndaşların əmək hüquqlarını müdafiə liqası qeyri-hökumət təşkilatının İcraiyyə Komitəsinin sədri;

7. Kətanov Məmməd Teymur oğlu - Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Miqrasiya şöbəsinin müdiri.

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti yanında İctimai Şura 20 gün müddətində ilk iclasını keçirməklə fəaliyyətə başlayacaqdır.

Xatırladaq ki, Dövlət Miqrasiya Xidməti yanında ilk İctimai Şura 2015-ci il mayın 20-də keçirilmiş seçkidə formalaşmışdır. 5 üzvdən ibarət Şuranın müddətinin qanunvericiliyə uyğun olaraq başa çatması ilə əlaqədar  normativ hüquqi aktlardan irəli gələn prosedura əsasən yeni seçkilərin keçirilməsi ilə bağlı elan verilib və vətəndaş cəmiyyəti institutları təyin edilmiş müddətdə öz namizədlərini  təqdim ediblər. 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur