logo Aliyev
Azərbaycan Respublikası
DÖVLƏT MİQRASİYA XİDMƏTİ

Dövlət miqrasiya siyasəti
Azərbaycan Respublikasında miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, qanunvericiliyin beynəlxalq normalara və müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, qanunların tətbiqində Azərbaycan Respublikasının milli təhlükəsizliyinin və sabit sosial-iqtisadi, demoqrafik inkişafının təmin edilməsi, əmək ehtiyatlarından səmərəli istifadə edilməsi, ölkə ərazisində əhalinin mütənasib yerləşdirilməsi, miqrantların intellektual və əmək potensialından istifadə edilməsi, tənzimlənməyən miqrasiya proseslərinin neqativ təsirinin aradan qaldırılması, insan alveri də daxil olmaqla, qeyri-qanuni miqrasiyanın qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 25 iyul 2006-cı il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramı (2006-2008-ci illər)” təsdiq edilmişdir. Bu Dövlət Proqramının əsas məqsədi miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya idarəetmə sisteminin inkişaf etdirilməsi, miqrasiya proseslərinin tənzimlənməsi və proqnozlaşdırılması, bu sahədə qanunvericiliyin beynəlxalq normalara və müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, qanunların tətbiqinin effektivliyinin təmin edilməsi, miqrasiya sahəsində vahid məlumat bankının, müasir avtomatlaşdırılmış nəzarət sisteminin yaradılması, qeyri-qanuni miqrasiyanın qarşısının alınması, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi tədbirlərinin həyata keçirilməsindən ibarətdir. Proqramda miqrasiya proseslərinin xüsusiyyətləri, dövlət siyasətinin prioritet istiqamətləri öz əksini tapmışdır. Bununla yanaşı proqramın əhatə etdiyi dövr ərzində ayrı-ayrı dövlət qurumları ilə əlaqəli şəkildə həyata keçirməli olduqları tədbirlər qeyd edilmişdir
Dövlət Miqrasiya Xidməti haqqında
Təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramı” əsasında miqrasiya sahəsində vahid dövlət siyasətini həyata keçirən xüsusi dövlət orqanının yaradılması zərurətini nəzərə alan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 19 mart 2007-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılması haqqında 560 nömrəli Fərman imzalamışdır. Eyni zamanda, Fərmana əsasən Xidmətin Əsasnaməsi təsdiq edilmişdir. Dövlət Miqrasiya Xidmətinin yaradıldığı vaxtdan miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi məqsədi ilə zəruri normativ hüquqi aktlar qəbul edilmiş, bir sıra institusional və təşkilati tədbirlər həyata keçirilmişdir. Miqrasiya proseslərinin vahid və çevik prosedurlar əsasında tənzimlənməsi, sənədləşmənin sadələşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən "Miqrasiya proseslərinin idarəolunmasında "bir pəncərə" prinsipinin tətbiqi haqqında" 4 mart 2009-cu il tarixli 69 nömrəli Fərman imzalanmışdır. Adıçəkilən Fərmanın tətbiqi ölkədə miqrasiya proseslərinin daha çevik və işlək mexanizmlər əsasında idarə edilməsinə, bu sahədə operativliyin təmin edilməsinə və həllini gözləyən problemlərin aradan qaldırılmasına səbəb olmuşdur. Fərmana əsasən, 2009-cu il iyulun 1-dən miqrasiya proseslərinin idarəolunmasında «bir pəncərə» prinsipinin tətbiq edilməsinə başlanılmış və bu prinsip üzrə vahid dövlət orqanının səlahiyyətləri Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə həvalə edilmişdir. “Bir pəncərə” prinsipi çərçivəsində Dövlət Miqrasiya Xidməti əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazələrin və müvafiq vəsiqələrin verilməsini, onların qeydiyyata alınmasını, Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddətinin uzadılmasını, həmçinin ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin verilməsini həyata keçirir. Bununla belə, Xidmət vətəndaşlıq məsələlərində iştirak edir və qaçqın statusunu müəyyənləşdirir. Qeyri-qanuni miqrasiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, Xidmətin fəaliyyətinin təkmilləşdirilməsi məqsədi ilə Prezident cənab İlham Əliyevin 8 aprel 2009-cu il tarixdə imzaladığı 76 nömrəli Fərmanla Dövlət Miqrasiya Xidmətinə hüquq-mühafizə orqanı statusu verilmişdir.