Çağrı Mərkəzi

Dövlət Miqrasiya Xidmətində Çağrı Mərkəzi 2008-ci ildə Miqrasiya məlumat mərkəzi kimi fəaliyyətə başlamış, 2010-cu ildən isə üç dildə ilkin olaraq bölmə (Miqrasiya məlumat bölməsi), daha sonra isə şöbə (Miqrasiya məlumat şöbəsi) kimi işini davam etdirmişdir. Şöbənin fəaliyyətinin daha da təkmilləşdirilməsi və işinin təşkili üçün 2010-cu ildən bu günə qədər bir çox işlər görülmüş, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 25 fevral tarixli 50 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları”nın tələblərinə tam uyğunlaşdırılması istiqamətində işlər davam etdirilmişdir. Xidmət rəisinin 29.04.2015-ci il tarixli 49 nömrəli əmri ilə Miqrasiya məlumat şöbəsinin adı dəyişdirilərək Çağrı mərkəzi şöbəsi adlandırılmışdır.

Çağrı mərkəzi şöbəsi qanunçuluğun təmin edilməsi, müraciətlərin obyektiv araşdırılması və cavablandırılması, sui-istifadə əməllərinin qarşısının alınması, fəaliyyətin təkmilləşdirilməsi üçün daxil olmuş müraciətlər əsasında təhlillərin aparılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə təşkil olunmuşdur.

Çağrı mərkəzi şöbəsinin təyinatı Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti ilə bağlı (Xidmətin səlahiyyətlərinə dair) sualların (sorğuların, o cümlədən elektron xidmətlərin göstərilməsi ilə bağlı müraciətlərin) birbaşa və ya araşdırıldıqdan sonra cavablandırılmasından, məlumatlandırma və məsləhət xidməti göstərilməsindən, şikayətlərin (məlumatların, təkliflərin) qəbulu və yönəldilməsindən ibarətdir.

Çağrı mərkəzi şöbəsinin əsas vəzifələri aşağıdakılardır:

- miqrasiya sahəsində hüquqi maarifləndirmə işinin aparılmasında iştirak etmək;

- Xidmətə daxil olan zəngləri Azərbaycan, rus və ingilis dillərində iş vaxtı ərzində fasiləsiz qəbul etmək və qanunvericiliyə uyğun qaydada cavablandırmaq;

-  şəxsləri miqrasiya orqanlarına müraciət etmə qaydası barədə məlumatlandırmaq;

- miqrasiya orqanlarına ünvanlanan təklif, ərizə və şikayətlərin, o cüm­lədən elektron müraciətlərin icra vəziyyəti barədə məlumat vermək və ya zəruri hallarda zəng­ləri Xidmətin aidiyyəti struktur bölmələrinə və sisteminə daxil olan tabe qurumlara yönəltmək;

- miqrasiya orqanlarına müraciət zamanı müraciətlərindən asılı olaraq tələb olunan sənədlər barədə məlumat vermək;

- daxil olan sualları təhlil etməklə miqrasiya qanunvericiliyinin tətbiqi ilə əlaqədar mövcud ziddiyyətlərin aradan qaldırılmasına dair təkliflər vermək;

- miqrasiya orqanları tərəfindən tətbiq edilən inzibati tənbeh tədbirləri barədə daxil olan sualları (sorğuları) cavablandırmaq;

- Xidmətə zəng edən şəxslərə Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyi barədə hüquqi informasiya vermək.

 

Çağrı mərkəzi şöbəsində aparılan telefon danışıqları qeydə alınır və bu barədə müraciət edən şəxsə əvvəlcədən məlumat verilir.

Çağrı mərkəzi şöbəsi canlı rejimdə müraciətləri iş günləri saat 09:00-dan 18:00-dək fasiləsiz olaraq cavablandırır.