Beynəlxalq əməkdaşlıq

Miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, idarəetmə sisteminin inkişaf etdirilməsi, miqrasiya proseslərinin tənzimlənməsi və proqnozlaşdırılması, bu sahədə müvafiq dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə yaradılmış Dövlət Miqrasiya Xidmətinin əsas fəaliyyət istiqamətlərindən biri də ölkələrarası dialoqun gücləndirilməsi, müvafiq sahələr üzrə əməkdaşlığın, qanunsuz miqrasiya ilə mübarizə sahəsində əlaqələrin genişləndirilməsi, miqrasiya və inkişafın əlaqəli idarəolunması sahəsində praktiki və innovativ təc­rü­bələrin tətbiqi məqsədilə xarici dövlətlərin müvafiq qurumları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsidir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti miqrasiya proseslərinin daha effektiv tənzimlənməsi üçün mümkün beynəlxalq alətlərdən istifadə edir, miqrasiya sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla və xarici dövlətlərin aidiyyəti qurumları ilə ikitərəfli və çoxtərəfli əsaslarla əməkdaşlıq edir.

Dövlət Miqrasiya Xidməti çoxtərəfli əsasda Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT), Avropa İttifaqı (Aİ),  BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK), Müstəqil Dövlətlər Birliyi (MDB), Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz (MSİBM), həmçinin ikitərəfli münasibətlər əsasında Türkiyə Respublikası, Rusiya Federasiyası, Niderland Krallığı və digər ölkələrlə qanuni miqrasiya, miqrasiyanın effektiv idarə olunması, readmissiya, könüllü qayıdış, miqrantların sosial müdafiəsi sahəsində əməkdaşlıq əlaqələrini genişləndirir, birgə layihələr həyata keçirir, eyni zamanda miqrasiya sahəsində qabaqcıl və innovativ xarakterli təcrübələri öyrənir.

Azərbaycan Respublikası BMqT-yə üzv olduqdan sonra bu təşkilatla Azərbaycan Respublikası arasında əməkdaşlıq daha da inkişaf etdirilmişdir. İki qurum arasında miqrasiya proseslərinin tənzimlənməsi, səmərəli readmissiya idarəçiliyinin yaradılması, sığınacaq axtaran şəxslərlə müsahibələrin aparılması, əmək bazarı informasiya sisteminin gücləndirilməsi və digər maraq kəsb edən istiqamətlərdə mütəmadi olaraq görüşlər keçirilir və fikir mübadiləsi aparılır. Faydalı əməkdaşlığımızın nəticəsi kimi 2-3 sentyabr 2015-ci il tarixlərdə Azərbaycan Hökumətinin dəvəti əsasında BMqT-nin baş direktoru Uilyam Leysi Svinqin ölkəmizə rəsmi səfəri və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşü dövlətimizin bu təşkilata verdiyi önəmin bariz nümunəsidir. Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyevin Beynəlxalq Miqrasiya Təşkilatının Baş Direktoru cənab Villiam Leysi Svinqin dəvəti əsasında BMqT Şurasının 2016-cı il dekabrın 5-dən 8-dək Cenevrədə keçirilən 107-ci Sessiyasında, həmçinin Təşkilatın Miqrasiya üzrə Beynəlxalq Dialoqu çərçivəsində  “2018-ci ildə təhlükəsiz, nizamlı və qanuni miqrasiya üçün qlobal vəhdət istiqamətində beynəlxalq əməkdaşlığın və idarəetmənin gücləndirilməsi” mövzusunda 18-19 aprel 2017-ci il tarixdə Nyu-York şəhərində keçirilən tədbirdə iştirakı, haqqında danışılan əməkdaşlığın möhkəmlənməsinin göstəricisidir.  

Təşkilat ölkəmizdə miqrantların hüquqlarının qorunmasına, onların davamlı inteqrasiyasına yönəlmiş bir sıra önəmli layihələr həyata keçirmişdir. Hazırda “Azərbaycanda miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialların gücləndirilməsi” layihəsi (2014-cü ildən) uğurla həyata keçirilməkdədir. Eyni zamanda, “Azərbaycandan miqrantların könüllü qayıdışına yardım üzrə pilot layihə”nin həyata keçirilməsinə dair Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatı arasında əməkdaşlıq Sazişi” 8 dekabr 2016-cı il tarixdə imzalanmışdır. Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2017-ci il tarixli Fərmanı ilə təsdiq edilən saziş 02 mart 2017-ci il tarixdən qüvvəyə minmişdir.   

Bununla yanaşı, cənab Firudin Nəbiyevin BMT Baş Assambleyasının "Qaçqın və miqrantların böyük axınının aradan qaldırılması" mövzusunda 2016-cı il 18-19 sentyabr tarixlərində Nyu-York şəhərində keçirilən yüksək səviyyəli görüşdə iştirakı, Assambleyanın plenar iclasında və keçirilən dəyirmi masada çıxışları Dövlət Miqrasiya Xidmətinin miqrasiya sahəsində qlobal səviyyədə həyata keçirilən tədbirlərdə yaxından iştirakını və bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsində marağını ifadə edir.  

Azərbaycan Respublikası ölkəmizdə olan qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində BMT QAK ilə səmərəli əməkdaşlıq edir. Təşkilatın Azərbaycandakı Nümayəndəliyi ilə Xidmət əməkdaşları arasında qaçqın statusunun müəyyənləşdirilməsi, sığınacaq axtaran şəxslərin mənşə ölkələrinə könüllü surətdə qaytarılması və digər maraq kəsb edən mövzularda müntəzəm olaraq işgüzar görüşlər keçirilir. Hazırda BMT QAK ilə birgə “Şərqi Avropada və Cənubi Qafqazda Sığınacaq Sistemlərinin Keyfiyyətinin Artırılması Təşəbbüsü” (ŞACQKT) layihəsi həyata keçirilir.

Azərbaycan Respublikasının əməkdaşlıq etdiyi təşkilatlardan biri də MDB-dir. MDB çərçivəsində fəaliyyət göstərən Miqrasiya Orqanları Rəhbərləri Şurasında (MORŞ) ölkəmizi Dövlət Miqrasiya Xidməti təmsil edir. Xidmət öz səlahiyyətləri çərçivəsində ölkə rəhbərliyinin xüsusi rəylərini nəzərə almaqla Şuraya üzv olan dövlətlərlə (Ermənistan Res­publikası istisna olmaqla) əməkdaşlıq edir. Şuranın 2 iclası: 8-ci və 19-cu iclasları müvafiq olaraq 30.09.2010-cu və 12.10.2016-cı il tarixlərdə Bakıda keçirilmişdir.

Dövlət Miqrasiya Xidməti Aİ-nin Tvinninq və  Texniki Yardım və Məlumat Mübadiləsi (TAİEX) kimi proqramlarından fəal şəkildə istifadə edir. Həmçinin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Aİ-nin Şərq Tərəfdaşlığının "Demokratiya, yaxşı idarəçilik və sabitlik" adlı birinci platformasında təmsil olunur. Təşkilatla miqrasiya sahəsində əlaqələrin genişləndirilməsi istiqamətində atılan mühüm addımlardan biri 29 noyabr 2013-cü il tarixdə “Azərbaycan Respublikası və Aİ arasında viza rejiminin sadələşdirilməsi” və 28 fevral 2014-cü il tarixdə “Azərbaycan Respublikası və Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Sazişlərin, həmçinin  “Azərbaycan Respublikası, Avropa İttifaqı və onun iştirakçı üzv dövlətləri arasında Yerdəyişmə üzrə Tərəfdaşlıq barədə Birgə Bəyannamə”nin imzalanması olmuşdur.

“Azərbaycan Respublikası Hökuməti və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz arasında Əməkdaşlıq Sazişi”nin imzalanması ilə tərəflər arasında münasibətlər yeni mərhələyə qədəm qoymuşdur. Sözügedən təşkilat tərəfindən ölkəmizdə Miqrasiya: Avropa İttifaqının Ekspertizası (MİEUX) proqramı çərçivəsində bir neçə layihə həyata keçirilmişdir.

Dövlət Miqrasiya Xidməti digər dövlətlərin miqrasiya məsələlərindən məsul qurumları ilə də ikitərəfli əsasda əlaqələrini inkişaf etdirir. Bu ölkələr sırasında Türkiyə Respublikası, Rusiya Federasiyası, Niderland Krallığının adlarını qeyd etmək olar.

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasındakı dostluq və qardaşlıq münasibətləri tarix boyu yüksək səviyyədə olmuşdur. Mütəmadi olaraq, Türkiyə Respublikasının müvafiq qurumlarının rəhbərləri, eləcə də Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfirləri ilə Xidmət rəhbərliyi arasında görüşlər keçirilir və əməkdaşlığın perspektivləri müzakirə olunur.

Dövlət Miqrasiya Xidməti yarandığı vaxtdan etibarən Rusiya Federasiyasının aidiyyəti dövlət orqanları ilə ikitərəfli münasibətlər inkişaf etməyə başlamışdır. Qurumlar arasında istər rəhbər, istərsə də işçi səviyyədə  qarşılıqlı işgüzar səfərlər və görüşlər təşkil edilmiş, miqrasiya sahəsində təcrübə mübadiləsi aparılmış, eləcə də həyata keçirilən əməkdaşlıq platformaları çərçivəsində əlaqələr qurulmuşdur.

Niderland Krallığının Ədliyyə Nazirliyi tərkibində fəaliyyət göstərən İmmiqrasiya və Naturalizasiya Xidməti, həmçinin Repatriasiya və Geriqaytarma Xidməti ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti arasında münasibətlər inkişaf etdirilir. Dövlət Miqrasiya Xidmətinin rəisi ilə adıçəkilən qurumların rəhbərləri, həmçinin Niderland Krallığının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri arasında mütəmadi olaraq görüşlər keçirilir və qarşılılıqlı maraq doğuran məsələlər müzakirə olunur.

Miqrasiya proseslərinin tənzimlənməsi işinin təkmilləşdirilməsi və miqrasiya orqanlarında qulluq keçən əməkdaşların bacarıqlarının artırılması məqsədilə Dövlət Miqrasiya Xidməti qabaqcıl ölkələrin miqrasiya üzrə məsul qurumları, eyni zamanda beynəlxalq təşkilatlarla birgə bir sıra uğurlu layihələr həyata keçirmiş və bu istiqamətdə işlər hazırki dövrdə də davam etdirilməkdədir.

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti həmçinin, beynəlxalq dialoq alətləri, o cümlədən qaçqınların müdafiəsi və beynəlxalq miqrasiya üzrə məşvərətçi proses olan Almatı Prosesi, Aİ ölkələri, Şengen ölkələri, Şərq Tərəfdaşlığı və Qərbi Balkan, Mərkəzi Asiya ölkələri, Rusiya və Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlığa təkan vermək məqsədi ilə yaradılmış Praqa Prosesi və miqrasiyanın dayanıqlı tənzimlənməsi sisteminin yaradılması istiqamətində fəaliyyət göstərən, 50-dən çox hökumət və 10 beynəlxalq təşkilatdan ibarət Budapeşt Prosesi çərçivəsində əməkdaşlıq əlaqələrini genişləndirir.