...
  • ... 'Azərbaycan Bayrağı' ordeni
  • ... 3-cü dərəcəli 'Vətənə xidmətə görə' ordeni
  • ... 'Hərbi xidmətlərə görə' medalı

FİRUDİN HİLAL OĞLU NƏBİYEV

Firudin Hilal oğlu Nəbiyev 4 avqust 1960-cı ildə Qərbi Azərbaycanın Dərələyəz mahalında anadan olmuşdur. 

1988-ci ildə İvanovo şəhər Kimya Texnologiya İnstitutunu, 2009-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir.

1988-ci ilin avqust ayından Azərbaycan Respublikasının Yüngül Sənaye Nazirliyinin müəssisələrində müxtəlif vəzifələrdə çalışmışdır.

24 sentyabr 2001-ci il tarixdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları Baş İdarəsinin rəis müavini vəzifəsinə təyin edilmişdir.

1 iyul 2003-cü il tarixdə Azərbaycan Respublikası Prezidentinin 1286 saylı Sərəncamı ilə Dövlət Sərhəd Xidməti rəisinin maddi-texniki təminat üzrə müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir.

15 avqust 2006-cı il tarixdə Azərbaycan Respublikası Prezidentinin 1613 saylı Sərəncamı ilə general-mayor ali hərbi rütbəsinə layiq görülmüşdür.

 

16 yanvar 2008-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin 2627 saylı Sərəncamı ilə Dövlət Sərhəd Xidməti rəisinin 1-ci müavini –Sərhəd Qoşunlarının Baş Qərargah rəisi vəzifəsinə təyin edilmişdir.

 

13 fevral 2012-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin 2050 saylı Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsinə təyin edilmişdir.

6 mart 2012-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin 2078 saylı Sərəncamı ilə III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilmişdir.

18 mart 2015-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin 1118 saylı Sərəncamı ilə II dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilmişdir.

Xidmət etdiyi dövrdə 15 medal, 2 orden – Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə III dərəcəli “Vətənə xidmətə görə” və “Azərbaycan bayrağı” ordenləri ilə təltif olunmuşdur.

Ailəlidir, iki övladı var.

Azərbaycan Respublikası

Dövlət Mİqrasİya Xİdmətİ

Dövlət miqrasiya siyasəti
Azərbaycan Respublikasında miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, qanunvericiliyin beynəlxalq normalara və müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, qanunların tətbiqində Azərbaycan Respublikasının milli təhlükəsizliyinin və sabit sosial-iqtisadi, demoqrafik inkişafının təmin edilməsi, əmək ehtiyatlarından səmərəli istifadə edilməsi, ölkə ərazisində əhalinin mütənasib yerləşdirilməsi, miqrantların intellektual və əmək potensialından istifadə edilməsi, tənzimlənməyən miqrasiya proseslərinin neqativ təsirinin aradan qaldırılması, insan alveri də daxil olmaqla, qeyri-qanuni miqrasiyanın qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 25 iyul 2006-cı il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramı (2006-2008-ci illər)” təsdiq edilmişdir.
Bu Dövlət Proqramının əsas məqsədi miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya idarəetmə sisteminin inkişaf etdirilməsi, miqrasiya proseslərinin tənzimlənməsi və proqnozlaşdırılması, bu sahədə qanunvericiliyin beynəlxalq normalara və müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, qanunların tətbiqinin effektivliyinin təmin edilməsi, miqrasiya sahəsində vahid məlumat bankının, müasir avtomatlaşdırılmış nəzarət sisteminin yaradılması, qeyri-qanuni miqrasiyanın qarşısının alınması, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi tədbirlərinin həyata keçirilməsindən ibarətdir. Proqramda miqrasiya proseslərinin xüsusiyyətləri, dövlət siyasətinin prioritet istiqamətləri öz əksini tapmışdır. Bununla yanaşı proqramın əhatə etdiyi dövr ərzində ayrı-ayrı dövlət qurumları ilə əlaqəli şəkildə həyata keçirməli olduqları tədbirlər qeyd edilmişdir.
Dövlət Miqrasiya Xidməti haqqında

Təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramı” əsasında miqrasiya sahəsində vahid dövlət siyasətini həyata keçirən xüsusi dövlət orqanının yaradılması zərurətini  nəzərə alan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 19 mart 2007-ci il tarixdə Azərbaycan Respublikası  Dövlət Miqrasiya Xidmətinin yaradılması haqqında 560 nömrəli Fərman imzalamışdır. Eyni zamanda, Fərmana əsasən Xidmətin Əsasnaməsi təsdiq edilmişdir.

Dövlət Miqrasiya Xidmətinin yaradıldığı vaxtdan miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi məqsədi ilə zəruri normativ hüquqi aktlar qəbul edilmiş, bir sıra institusional və təşkilati tədbirlər həyata keçirilmişdir.

Miqrasiya proseslərinin vahid və çevik prosedurlar əsasında tənzimlənməsi, sənədləşmənin sadələşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən "Miqrasiya proseslərinin idarəolunmasında "bir pəncərə" prinsipinin tətbiqi haqqında" 4 mart 2009-cu il tarixli 69 nömrəli Fərman imzalanmışdır. Adıçəkilən Fərmanın tətbiqi ölkədə miqrasiya proseslərinin daha çevik və işlək mexanizmlər əsasında idarə edilməsinə, bu sahədə operativliyin təmin edilməsinə və həllini gözləyən problemlərin aradan qaldırılmasına səbəb olmuşdur. Fərmana əsasən, 2009-cu il iyulun 1-dən miqrasiya proseslərinin idarəolunmasında «bir pəncərə» prinsipinin tətbiq edilməsinə başlanılmış və bu prinsip üzrə vahid dövlət orqanının səlahiyyətləri Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə həvalə edilmişdir.

“Bir pəncərə” prinsipi çərçivəsində Dövlət Miqrasiya Xidməti əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün  icazələrin və müvafiq vəsiqələrin verilməsini, onların qeydiyyata alınmasını, Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddətinin uzadılmasını, həmçinin ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin verilməsini həyata keçirir. Bununla belə, Xidmət vətəndaşlıq məsələlərində iştirak edir və qaçqın statusunu müəyyənləşdirir.

Qeyri-qanuni miqrasiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, Xidmətin fəaliyyətinin təkmilləşdirilməsi məqsədi ilə Prezident cənab İlham Əliyevin 8 aprel 2009-cu il tarixdə imzaladığı 76 nömrəli  Fərmanla Dövlət Miqrasiya Xidmətinə hüquq-mühafizə orqanı statusu verilmişdir.